Yay aylarında yüksək temperatur bəzi dərman və vitaminlərin təsirini dəyişə bilər. Mütəxəssislər xəbərdarlıq edirlər ki, isti havalarda bəzi preparatların nəzarətsiz qəbulu sağlamlıq üçün risk yarada bilər.
Demokrat.az xəbər verir ki, havaların isti keçməsi orqanizmdə maye itkisini artırır. Bu isə bəzi dərmanların yan təsirlərini gücləndirə, susuzlaşma və digər sağlamlıq problemlərinə səbəb ola bilər.
Həkimlərin sözlərinə görə, bəzi antibiotiklər və sızanaq əleyhinə preparatlar dərinin günəş şüalarına həssaslığını artırır. Nəticədə günəş yanıqları, qızartı və dəri qıcıqlanmaları yarana bilər.
Sidikqovucu dərmanlar qəbul edən şəxslər də ehtiyatlı olmalıdırlar. Bu preparatlar orqanizmdən maye itkisini artırdığı üçün isti havalarda halsızlıq, başgicəllənmə və təzyiqin enməsinə səbəb ola bilər.
Mütəxəssislər yay aylarında yüksək dozada D vitamini qəbulunun da yalnız həkim tövsiyəsi ilə həyata keçirilməsini məsləhət görürlər. Günəş şüalarının təsiri ilə orqanizmdə D vitamini sintezi artdığından əlavələrin həddindən artıq qəbulu arzuolunmaz nəticələr yarada bilər.
Balıq yağı və omeqa-3 əlavələrinin qəbulu da nəzarətsiz olmamalıdır. Bu əlavələr faydalı hesab edilsə də, yüksək dozada qəbul edildikdə bəzi insanlarda qan laxtalanmasına təsir göstərə, təzyiqi aşağı sala və mədə-bağırsaq narahatlığı yarada bilər. Xüsusilə qan durulaşdırıcı dərmanlardan istifadə edən şəxslərin ehtiyatlı olmaları tövsiyə edilir.
Həmçinin yağda həll olunan A, D, E və K vitaminlərinin həkim məsləhəti olmadan qəbul edilməsi məsləhət görülmür. Bu vitaminlərin artıq miqdarı orqanizmdə toplanaraq müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər.
Həkimlər yay aylarında hər hansı dərman və ya vitamin qəbul etməzdən əvvəl mütəxəssislə məsləhətləşməyi, kifayət qədər su içməyi və uzun müddət günəş altında qalmamağı tövsiyə edirlər.


