Sumqayıt şəhərində 24 yaşlı oğlan dayısına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə şəhərin Yaşıldərə bağlar massivi ərazisində baş verib. 2002-ci il təvəllüdlü Yavər fərdi yaşayış evində aralarında yaranmış şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı dayısı Ayazın (adlar şərtidir – red.) baş və dodaq nahiyələrindən əl zərbələri ilə vurub.
Yavərin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Yavər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, onun nənəsi olan Səmayə əvvəllər Sumqayıt şəhəri, 26-cı məhəllə ərazisində yerləşən “Şəfa” sanatoriyasında tək yaşayıb:
“Daha sonra dayım Ayaz ailə həyatı qurub və anası ilə birlikdə yaşamağa başlayıb. Ayaz və həyat yoldaşı Gültəkin nənəmə yaxşı baxmayıb, mütəmadi olaraq aralarında münaqişələr olub. 2025-ci ilin avqust ayında dayımın nənəmi Sumqayıt şəhər Ruhi-Əsəb Dispanserinə yerləşdirmək istədiyini eşitdik. Anam Zeynəb də həmin xəstəxanaya getdi və öz anasını bizim yaşadığımız evə gətirdi. Həmin vaxtdan nənəm bizimlə yaşamağa başladı. Nənəm dayımla yaşamaq istəmədiyini dedi. Bu müddətdə dayım heç vaxt anası ilə maraqlanmadı”.
Təqsirləndirilən şəxs deyib ki, məlum hadisə günü, təxminən saat 20:00-da Ayaz onun yaşadığı evə gəlib:
“Mən, atam Bahəddin, anam Zeynəb, bacım Kəmalə, Kəmalənin əri Sərdar, nənəm Səmayə və dayım Ayaz evin mətbəxində oturaraq söhbət etməyə başladıq. Dayım anasına onu aparmağa gəldiyini dedi. Anası da dayıma onun adında oğlu olmadığını və onunla getmək istəmədiyini dedi. Bundan sonra dayım anam ilə mübahisə etməyə başladı və qışqıraraq səs-küy salmağa başladı. Anam acıqlandı və Ayazdan sakitləşməsini tələb etdi. Bu zaman Ayaz yumruqla anamın sifətinin sol tərəfinə bərk zərbə vurdu. Ayazın anamı vurmasından əsəbləşdim və bir dəfə yumruqla onun dodağından vurdum. Daha sonra atam Ayazı sakitləşdirdi və evdən küçəyə çıxardı”.
İş üzrə zərərçəkmiş Ayazın sözlərinə görə, anası Səmayə əvvəllər onunla və ailəsi ilə birlikdə yaşayıb:
“Mən bir övlad kimi anama yaxşı qulluq etmişəm və onun qayğısına qalmışam. Anam yaşlı qadın olduğu üçün yaddaş zəifliyindən əziyyət çəkib. Onu müalicə etmək üçün Sumqayıt şəhər Ruhi-Əsəb Dispanserinə yerləşdirmək məqsədilə müraciət etdim. Anamı həkim briqadası ilə həmin xəstəxanaya apardım. Lakin xəstəxana anamı qəbul etmədi. Xəstəxanada anama baxan həkim onun Maştağada yerləşən Respublika Psixiatrik Xəstəxanasına aparılmasının lazım olduğunu bildirdi”.
Zərərçəkmiş deyib ki, həmin vaxt Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi ərazisində yaşayan bacısı Zeynəb xəstəxanaya gəlib və anasına özünün baxacağını deyib, onu xəstəxanaya yerləşdirməkdən imtina etməsini tələb edib:
“Mən də xəstəxanaya imtina ərizəsi ilə müraciət etdim. Zeynəb anamı öz yaşadığı evə apardı. Məlum hadisə günü, təxminən saat 20:00-da Zeynəbin yaşadığı ünvana getdim. Bacım və onun ailə üzvləri ilə birlikdə evin mətbəxində söhbət etməyə başladıq. Mən öz anamdan mənimlə getməyi xahiş etdim. Zeynəb də anamı aparmağa, hətta anam vəfat edəndə belə onu görməyimə icazə verməyəcəyini dedi. Buna görə də aramızda yaranmış mübahisə zamanı əsəbləşərək şillə ilə Zeynəbin sifətindən vurdum. Bu vaxt bacımın əri yaxamdan tutaraq divara dirədi, bacım oğlu Yavər də yumruqlarla başımdan, dodağımdan vuraraq məni döyməyə başladı. Daha sonra məni evdən küçəyə çıxartdılar. Mən də bu barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciət etdim”.
Zərərçəkmiş şəxs ifadəsinin sonunda təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və ona qarşı hər hansı şikayətinin olmadığını deyib.
Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.
Qeyd edək ki, bundan əvvəl də Ayaz bacısına xəsarət yetirdiyi üçün cinayət işi üzrə ayrıca icraatda araşdırılıb. Həmin iş üzrə Ayaz təqsirləndirilən şəxs, onun bacısı Zeynəb isə zərərçəkmiş qismində tanınıblar.
Həmin iş üzrə də barışıq əldə olunduğu üçün Ayazın barəsində olan cinayət təqibi üzrə icraata xitam verilib və ona cəza təyin olunmayıb.


