ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqlarda mühüm irəliləyiş əldə olunub.
Demokrat.az xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Cey Di Vens məlumat verib.
Onun sözlərinə görə, son saatlar ərzində tərəflər arasında əhəmiyyətli irəliləyiş qeydə alınıb və yaxın vaxtlarda daha ciddi nəticələrin əldə olunacağına ümid var.
“Son bir neçə saat ərzində mühüm irəliləyiş əldə etmişik. Ümid edirəm ki, yaxın gələcəkdə daha böyük nailiyyətlərə də şahid olacağıq”, – deyə Vens bildirib.
Vitse-prezident qeyd edib ki, Prezident Donald Tramp administrasiyasının əsas məqsədi Yaxın Şərqdəki mürəkkəb problemlərin diplomatik yollarla həllinə nail olmaqdır. O, danışıqların bu mərhələyə çatmasında Qətərin vasitəçilik rolunu xüsusi vurğulayıb.
Vens həmçinin Livandakı vəziyyətə toxunaraq, atəşkəsin qorunması istiqamətində müsbət irəliləyişlərin müşahidə edildiyini bildirib.
“Son günlər Livanda atəşkəs rejiminin qorunması baxımından ciddi irəliləyişlər görürük. Prosesin gedişindən məmnunam. Görüləsi işlər hələ çoxdur, lakin səylərimizi davam etdirəcəyik”, – deyə o vurğulayıb.
ABŞ rəsmisi əlavə edib ki, İsveçrənin Bürgenstok şəhərində keçirilən danışıqlar bütün fikir ayrılıqlarını aradan qaldırmasa da, tərəflərə əsas problemləri müəyyənləşdirərək onların həlli istiqamətində işləmək imkanı yaradır.
“Bu görüş bütün mübahisələri birdəfəlik həll etməyəcək. Lakin tarixdə ilk dəfə olaraq tərəflər komanda şəklində bir araya gələrək ən vacib məsələləri müəyyənləşdirmək, onların həlli yollarını tapmaq və daha yaxşı gələcək naminə əməkdaşlıq etmək imkanı əldə edirlər”, – deyə Vens qeyd edib.
Demokrat.az


