Müasir qida sənayesində qida əlavələri və konservantlardan istifadə artıq adi praktikaya çevrilib. Bu maddələr məhsulların xarab olmasının qarşısını almaq, onların rəngini, dadını və görünüşünü qorumaq, eyni zamanda saxlanma müddətini uzatmaq məqsədilə tətbiq edilir. Bununla belə, son illərdə emal olunmuş qidaların istehlakının artması qida əlavələrinin insan sağlamlığına təsiri ilə bağlı müzakirələri də intensivləşdirib. Bu maddələrin istifadəsi müəyyən standartlar çərçivəsində təhlükəsiz sayılsa da, qidalanma vərdişləri sağlamlıq baxımından həlledici rol oynayır.
Məsələ ilə bağlı qida eksperti, nutrisoloq Fərid Səfərov Demokrat.az-a açıqlamasında bildirib ki, qida əlavələri və konservantlar qida sənayesinin ayrılmaz hissəsidir və onların hamısını zərərli hesab etmək düzgün yanaşma deyil.
Onun sözlərinə görə, beynəlxalq və yerli qida təhlükəsizliyi standartlarına uyğun şəkildə istifadə olunan əlavələrin böyük hissəsi insan sağlamlığı üçün təhlükə yaratmır:
"Qida əlavələri və konservantlar qida məhsullarının dadını, rəngini, teksturasını qorumaq və onların saxlanma müddətini uzatmaq üçün istifadə olunur. Qeyd etmək lazımdır ki, təsdiqlənmiş və normaya uyğun miqdarda istifadə edilən əlavələrin əksəriyyəti təhlükəsiz hesab olunur. Bu maddələr istifadəyə buraxılmazdan əvvəl müxtəlif elmi araşdırmalardan keçir və onların insan sağlamlığına təsiri qiymətləndirilir".
Ekspert vurğulayıb ki, əsas risk bu cür maddələrin olduğu məhsulların həddindən artıq və uzunmüddətli istehlakı zamanı ortaya çıxır.
"Lakin uzun müddət ərzində həddindən artıq emal olunmuş və çoxlu qatqı maddələri olan məhsulların davamlı istehlakı bəzi sağlamlıq riskləri yarada bilər. İnsanların gündəlik qidalanmasında belə məhsulların üstünlük təşkil etməsi orqanizmin ehtiyac duyduğu faydalı qida komponentlərinin çatışmazlığına gətirib çıxara bilər".
Fərid Səfərovun sözlərinə görə, bəzi qida əlavələri müəyyən insanlarda fərdi həssaslığa səbəb ola bilir.
"Bəzi insanlarda müəyyən qida əlavələri allergik reaksiyalara, baş ağrılarına, dəri səpkilərinə və ya həzm sistemi ilə bağlı narahatlıqlara səbəb ola bilər. Bu hallar xüsusilə həssas orqanizmə malik şəxslərdə daha çox müşahidə edilir. Buna görə də istehlakçılar qəbul etdikləri məhsulların tərkibinə diqqət yetirməli və orqanizmlərinin reaksiyalarını izləməlidirlər".
Nutrisoloq bildirib ki, qida sənayesində istifadə edilən bəzi məhsulların tərkibində yüksək miqdarda duz, şəkər və müxtəlif konservantlar olur ki, bu da uzunmüddətli perspektivdə sağlamlıq problemlərinə yol aça bilər.
"Həddindən artıq duz, şəkər və bəzi konservantlarla zəngin məhsulların tez-tez istifadəsi yüksək qan təzyiqi, piylənmə və ürək-damar xəstəlikləri riskinin artması ilə əlaqələndirilir. Bu səbəbdən belə məhsulların istehlakında ölçülü davranmaq və qida rasionunda balansı qorumaq vacibdir".
Ekspert hesab edir ki, konservantlarla bağlı narahatlıqların böyük hissəsi əslində həmin maddələrin olduğu məhsulların ümumi qida dəyərinin aşağı olmasından qaynaqlanır. "Problem təkcə konservantların özündə deyil, çox vaxt onların olduğu məhsulların ümumi qida dəyərinin aşağı olmasındadır. Fast-food, hazır qəlyanaltılar, qazlı içkilər və yüksək dərəcədə emal olunmuş qidalar vitamin, mineral və lif baxımından kasıb olur. Bu isə uzunmüddətli dövrdə qidalanma keyfiyyətinin aşağı düşməsinə səbəb ola bilər".
Fərid Səfərov istehlakçılara daha sağlam seçimlər etməyi və məhsulların etiketlərini diqqətlə oxumağı tövsiyə edib.
"İstehlakçılar mümkün qədər təbii və müxtəlif qidalanmağa, məhsul etiketlərini oxumağa və rasionlarında təzə meyvə-tərəvəz, tam taxıllar və keyfiyyətli zülal mənbələrinə üstünlük verməyə çalışmalıdırlar. Balanslı qidalanma fonunda qida əlavələrinin təsiri daha minimal olur. Əsas məqsəd qidalanmada müxtəlifliyi qorumaq və emal olunmuş məhsulların payını azaltmaqdır".
Mütəxəssisin fikrincə, sağlam qidalanma yalnız müəyyən məhsullardan imtina etməklə deyil, ümumi qida rasionunun düzgün qurulması ilə mümkündür. Bu baxımdan istehlakçıların qida seçimləri zamanı məlumatlı olması və balanslı qidalanma prinsiplərinə əməl etməsi sağlam həyat tərzinin formalaşmasında mühüm rol oynayır.
Əfsanə Kamal Demokrat.az


