Bakının Sabunçu rayonunda ata qızına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarın 15-də rayonunun Zabrat 2 qəsəbəsi, Yeni məhəllə, nömrəsiz ünvanda baş verib.
Tovuz rayon sakini, 1985-ci il təvəllüdlü İsrafil həmin gün gecə saat 1 radələrində qızı Ədilə (adlar şərtidir – red.) ilə birlikdə yaşadıqları evdə olan zaman aralarında ailə-məişət münasibətləri zəminində yaranmış mübahisə zamanı qəsdən sağ əli ilə üz nahiyəsinə bir dəfə şillə vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
İş üzrə ifadə verən İsrafilin sözlərinə görə, yanvarın 14-də, təxminən saat 19 radələrində yaşadığı ünvana gəlib:
“Evdə yemək yeyib, biraz vaxt keçirdikdən sonra yanvarın 15-də, gecə saat 1 radələrində qızım Ədilənin hələdə yatmadığını və qonaq otağında oturaraq telefonla oynadığını gördüm. Bunun ardından qızıma yatmasını bildirdim. Lakin o, sözlərimə əhəmiyyət verməyərək telefonla oynadığını gördüm. Ədilənin üz nahiyəsindən bir dəfə əl ilə zərbə endirdim. Əməlimdən peşmanam, həbs olunmağımı istəyirəm. Əks təqdirdə özümə qəsd edəcəm”.
Zərərçəkmiş Ədilənin ifadəsinə görə, atası İsrafil gecə saat 1 radələrində anidən onun qonaq otağında telefonla oynadığını görüb və onunla kobud formada danışmağa başlayıb: “Bunun ardından atam qışqıraraq otağıma keçərək yatmağımı tələb etdi. Mən də atamın deməsinə uyğun telefonu söndürdüm və öz otağıma keçərkən atam üzərimə gəldi, bir dəfə əl ilə üz nahiyəmdən zərbə endirdi”.
Zərərçəkmiş ifadəsində həmçinin atasından şikayətçi olduğunu deyib. O bildirib ki, məlum hadisədən sonra yenə anasını və onu döyüb, şikayəti geri götürməsini tələb edib. Qız anasının döyülməsi ilə bağlı şəkilləri məhkəməyə təqdim edib, polislər gələrək atasını evdən aparıblar, həyatları təhlükədədir.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə İsrafil 5 ay müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli 18 fevral 2026-cı il tarixdən hesablanması qərara alınıb.
Fariz Məlikli Demokrat.az


