Avto Özəl

24 illik əfsanə tarixə qovuşdu — Məşhur modelin istehsalı dayandırıldı

24 illik əfsanə tarixə qovuşdu — Məşhur modelin istehsalı dayandırıldı

Alman avtomobil nəhəngi "Volkswagen" 24 illik tarixə malik məşhur ailə modeli "Touran"ın istehsalını dayandırıb. Şirkət bununla da MPV (çoxməqsədli avtomobil) seqmenti ilə tamamilə vidalaşdığını rəsmən elan edib.

Demokrat.az xəbər verir ki, Uzun illər geniş ailələrin əsas seçimlərindən sayılan MPV modelləri son dövrlərdə bazarda ciddi geriləmə ilə üzləşib. "Volkswagen"in Volfsburq zavodunda aprelin sonunda konveyerdən çıxan son "Touran" ilə markanın bu seqmentdəki fəaliyyətinə son qoyulub.

Şirkət rəsmiləri "Touran" modelinin əvəzinə birbaşa yeni avtomobilin hazırlanmayacağını bildiriblər. Alman istehsalçısı bundan sonra əsas diqqəti SUV və elektrikli nəqliyyat vasitələrinə yönəldəcək. Qlobal bazarda bu növ maşınlara artan tələbat da strategiyanın dəyişməsinə əsas səbəb kimi göstərilir.

İlk dəfə 2003-cü ildə satışa çıxarılan "Volkswagen Touran" qısa müddətdə Avropada böyük populyarlıq qazanmışdı. Geniş salonu, funksionallığı və komfortu ilə seçilən model indiyədək dünya üzrə 2,3 milyondan çox nüsxədə satılıb. Avtomobil 2000-ci illərin ortalarında Avropa bazarında öz sinfinin liderlərindən hesab olunurdu.

Modelin ikinci nəsli 2015-ci ildə təqdim edilsə də, son illərdə SUV və krossover modellərinə marağın sürətlə artması klassik ailə maşınlarına tələbatı kəskin azaldıb. Bununla yanaşı, sərtləşdirilən təhlükəsizlik standartları və artan istehsal xərcləri də "Touran"ın tarixin arxivinə qovuşmasını sürətləndirən əsas amillərdən olub.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova