Müharibə veteranlarına verilən aylıq 80 manatlıq müavinətin artırılması ilə bağlı müzakirələr əsasən sosial təminat siyasəti və ümumi iqtisadi şəraitlə əlaqələndirilir. Bu mövzu cəmiyyətdə tez-tez gündəmə gəlir. Bəs, bu müavinətin artırılması hansı iqtisadi və sosial amillərlə bağlıdır və ümumiyyətlə yenidən baxılması ehtimalı nə dərəcədə realdır?
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisadçı ekspert Razi Abasbəyli bildirib ki, 2026-cı ilin dövlət büdcəsində bir sıra sosial ödənişlərdə artımlar müşahidə olunub. 
Ekspert bildirib ki, əsas gözləntilərdən biri də 2020-ci ildən bu günə qədər müharibə iştirakçılarına verilən 80 manatlıq sosial müavinətlərin artırılmasıdır.
"Ehtimala görə, ilin sonuna qədər veteranlara verilən sosial yardımlarda müəyyən artımlar ola bilər. Son aylarda neft qiymətlərinin yüksək olması da büdcə gəlirlərinə təsir edib. Cari ilin dövlət büdcəsində neftin qiyməti 65 dollar səviyyəsində proqnozlaşdırılsa da, faktiki qiymətlər bundan xeyli yüksək olub, bəzi dövrlərdə 70–80% daha yüksək göstəricilər qeydə alınıb. Nəticədə həm Dövlət Neft Fondu, həm də vergi daxilolmaları üzrə büdcəyə əlavə vəsaitlər daxil olub. Bu isə imkan verir ki, ilin ikinci yarısı üçün nəzərdə tutulan büdcə xərcləri və proqnozlarda dəyişiklik edilsin".
Onun sözlərinə görə, gözləntilərə görə, bu dəyişikliklər minimum əməkhaqqı, yaşayış minimumu və veteranlara verilən sosial ödənişlərin artırılmasına səbəb ola bilər. Hazırda belə artımlar üçün hökumətin əlində proqnozdan kənar əlavə maliyyə imkanları formalaşıb.
Əfsanə Kamal Demokrat.az


