Şimali Atlantika Alyansı (NATO) Finlandiya və İsveçin üzv olduğu 2022-ci illə müqayisədə artıq başqa bir təşkilata çevrilib.
Demokrat.az xəbər verir ki, bu barədə Finlandiyanın sabiq baş naziri Sanna Marin "Euronews"a müsahibəsində bildirib.
"ABŞ və Avropa arasında münasibətlərin dəyişməsi səbəbindən NATO-nun artıq Finlandiya və İsveçin ona qoşulduğu dövrdəki kimi olmadığını anlamalıyıq. Münasibətlər dəyişib və bu, qaçılmaz faktdır. Bu isə o deməkdir ki, biz diqqətimizi öz strategiyamıza yönəltməliyik", deyə o bildirib.
Marinin sözlərinə görə, Avropa artıq ABŞ-ın qitədə əvvəlki səviyyədə mövcudluğuna və dəstəyinə arxalana bilməz. Sabiq baş nazir hesab edir ki, hazırda Avropa nüvə çəkindirmə məsələlərini daha fəal müzakirə etməlidir:
"Biz ABŞ-ın Avropada iştirakını istəyirik, ABŞ-ın nüvə çəkindirməsinin gələcəkdə də qalmasını arzulayırıq. Mən düşünmürəm ki, bunlar bir-birini istisna edir, lakin biz istənilən ssenariyə hazır olmalıyıq. ABŞ və Avropa arasındakı münasibətlərə gəldikdə isə, biz yalnız istədiyimiz istiqamətdə hərəkət edə bilmərik, həm də düşə biləcəyimiz yola hazır olmalıyıq".
Sanna Marin müsahibəsində həmçinin iddia edib ki, Rusiya Avropaya hücum etməyə hazırlaşır. O, Moskvanı Avropanın düşməni adlandırıb.
Aprelin 22-də “Politico” nəşri ABŞ prezidenti Donald Tramp administrasiyasının NATO müttəfiqlərini “nümunəvi” və “pis” ölkələrə bölməsi barədə məlumat yayıb.
Aprelin 1-də Donald Tramp müttəfiqlərin Vaşinqtona İranda yardım göstərməkdən imtina etməsi səbəbindən ABŞ-ın NATO-dan çıxması imkanını ciddi nəzərdən keçirdiyini bildirib. Aprelin 6-da isə Tramp NATO-nu “kağız pələng” adlandırıb və Rusiya prezidenti Vladimir Putinin alyansdan qorxmadığını qeyd edib.
Jalə Demokrat.az


