Ermənistanın baş naziri Nikol Paşinyan və komandası yenidən parlament seçkilərində qalib gələcək.
Demokrat.az xəbər verir ki, Ermənistanın sabiq prezidenti Serj Sərkisyan belə düşünür. O, bu barədə istefasının 8-ci ildönümü ilə bağlı bəyanatında bildirib.
Serj Sərkisyan seçkilərin hazırkı hakimiyyətin lehinə saxtalaşdırılacağını düşünür və bu səbəbədən seçkiyə qatılmaqdan imtina edib:
"Partiyamız artıq qarşıdan gələn seçkilərdə iştirak etməmək qərarını açıqlayıb. Bu, sadəcə siyasi mövqe deyil, yekdil, düşünülmüş və əsaslandırılmış, tarixi qərardır. Artıq Avropa İttifaqı Paşinyanın “Vətəndaş Müqaviləsi” Partiyasının seçilməsi üçün fəaliyyətə başlayıb. Aylar əvvəl “Respublikaçı” Partiyası bu hakimiyyətdən qurtulmağın yeganə real yolu kimi impiçment qanun layihəsi təklif etmişdi. Onlar və xarici sponsorları artıq seçkiləri saxtalaşdırmağa, müxalifləri həbs etməyə, dövlət borcunu ikiqat artırmaq hesabına büdcədən seçki rüşvətləri paylamağa və artan qanunsuzluqlara göz yummağa başlayıblar. Bu şəraitdə, fikrimizcə, ədalətli və rəqabətli seçkilər mümkün deyil. Amma təəssüf ki, parlamentdəki həmkarlarımız (Robert Köçəryanın “Ermənistan” bloku) seçkilərə qatılmaqla fərqli yol seçdilər. Bu qərarı əsaslandırmaqda onlara uğurlar arzulayıram".
Qeyd edək ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.
Jalə Demokrat.az


