Dünya

Bu müəllim “Çinin super atası” kimi tanınır

Bu müəllim “Çinin super atası” kimi tanınır

52 yaşlı bədən tərbiyəsi müəllimi Bai Jian Çində “super ata” kimi tanınır.

Demokrat.az xəbər verir ki, onun həyat hekayəsi “South China Morning Post” qəzetində işıqlandırılıb.

Bai Jian Çinin şimal-şərqində, Liaoninq əyalətinin Anşan şəhərində yerləşən №2 orta məktəbdə müəllim işləyir. O, 1995-ci ildən etibarən “Dream Home” adlı yaşayış yerində valideyn himayəsindən məhrum olmuş uşaqlara qayğı göstərməyə başlayıb və indiyədək ən azı 276 uşağı himayəsinə götürdüyü bildirilir.

Onun bu fəaliyyətinin əsası məktəbdə işlədiyi ilk illərə gedib çıxır. İlk dəfə dərsləri buraxan və çətin davranışları ilə seçilən bir şagirdin valideynləri tərəfindən tərk edildiyini öyrənən Bai Jian həmin uşağı evinə aparıb. Bu hadisə onun həyatında dönüş nöqtəsi olub və o, daha çox ehtiyacı olan uşaqlara yardım etməyə başlayıb.

Müəllim himayəsinə götürdüyü uşaqları idmana yönləndirib və onların gündəlik rejimini sərtləşdirib. Uşaqlar hər səhər saat 04:30-da oyadılır və hava şəraitindən asılı olmayaraq uzun məsafələrə, 12 kilometrdən çox qaçışa aparılır.

Bai Jian 46 yaşında evlənib. Daha əvvəl münasibətlərinin onun xeyriyyə fəaliyyəti səbəbindən davam etmədiyi qeyd olunur. 2020-ci ildə isə onun bir övladı dünyaya gəlib.

O, öz işindən yorulmadığını deyərək uşaqlara qayğı göstərməyi və idmanı həyatının əsas hissəsi hesab etdiyini bildirib.

Demokrat.az

NE
Nihadə Eyyubova