Avto Özəl

Gürcüstanın yeni qərarı bizim bazara necə təsir edəcək?

Gürcüstanın yeni qərarı bizim bazara necə təsir edəcək?

Gürcüstanda avtomobil idxalı ilə bağlı tətbiq edilən yeni rüsum qaydaları region ölkələrinin avtomobil bazarına da təsirsiz ötüşməyəcək. Aprelin 1-dən etibarən yaşı 6 ildən yuxarı olan nəqliyyat vasitələrinə tətbiq edilən rüsumların kəskin artırılması həm idxal xərclərini yüksəldə, həm də qiymətlərin formalaşmasına ciddi təsir göstərə bilər. Xüsusilə, Gürcüstan üzərindən Azərbaycana avtomobil gətirilməsi praktikasının geniş yayıldığı nəzərə alınsa, bu qərarın yerli bazarda da bahalaşmaya səbəb olub-olmayacağı aktuallaşır.

Məsələ ilə bağlı Demokrat.az-a danışan avtomobil bazarı araşdırmaçısı Sərxan Qədirli bildirib ki, Gürcüstanda yaxın ərəfələrdə yeni qərar qəbul olunub:

“Altı ildən yuxarı avtomobillər üçün rüsumlarda artım tətbiq edildi. Bizdə də belə bir qərarın çıxacağı ilə bağlı məlumat var. Dəqiq olaraq apreldən, yoxsa başqa bir aydan qüvvəyə minəcəyi bilinmir. Yəni bizdə də Gürcüstandan altı ildən yuxarı olan avtomobillərin gətirilib qeydiyyata alınması qadağan edilə bilər. Amma məsələni belə izah etmək olar ki, bu qaydalar Gürcüstanda istifadə olunub Azərbaycana gətirilən avtomobillərə aiddir. Tranzit olaraq Azərbaycana daxil olan avtomobillərə isə bu şamil edilmir. Yəni bunun bizdə qiymət artımına və ya azalmasına ciddi təsiri yoxdur. Bu qərar əsasən Gürcüstan bazarına təsir edir və oradakı qiymətlərə təsir göstərəcək. Azərbaycana isə birbaşa təsiri yoxdur. Məsələn, əgər dəyişiklik edilsə və gömrük rüsumlarında artım tətbiq olunsa və ya ölkədə müvəqqəti qeydiyyatla bağlı qaydalar dəyişsə, məsələn, avtomobillərin üç və ya beş ay müddətinə ölkədə qalmasına icazə verilməsi kimi bu halda bazara təsir edə bilər. Əks halda, bu qərarın bizim bazara ciddi təsiri gözlənilmir”.

Buna baxmayaraq, yerli sürücülər arasında Gürcüstan nömrəsi ilə avtomobil idarə edənlərin sayı az deyil. Əgər gələcəkdə ölkəmizdə müvəqqəti qeydiyyat müddətləri və ya gömrük rüsumları ilə bağlı yeni tənzimləmələr tətbiq olunsa, o zaman daxili bazarda ciddi qiymət artımı qaçılmaz ola bilər. Hazırda isə bazarın əsas diqqəti Gürcüstanın daxili islahatlarından çox, yerli gömrük siyasətinin verəcəyi növbəti qərarlara yönəlib.

Gürcüstanda köhnə avtomobillərin sıxışdırılması həm də ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edir. Bu tendensiyanın yaxın gələcəkdə Azərbaycanda da daha sərt formada tətbiq olunacağı ehtimal edilir. Belə olan halda, alıcıların tədricən yaşı az olan və daha müasir mühərrikli nəqliyyat vasitələrinə üstünlük verməsi sosial bir zərurətə çevriləcək.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova