Bir çox insanlar "az yeyirəm" desə də çəki ata bilmədiyini və ya əksinə tez kökəldiyini bildirirlər, bu isə qidalanma və metabolizm məsələlərini gündəmə gətirir. Ekspertlər bildirirlər ki, arıqlama və çəki artımı yalnız qida miqdarı ilə deyil, həmçinin orqanizmin biofizioloji xüsusiyyətləri, hormon balansı və metabolik göstəricilər ilə də müəyyən olunur. Bu səbəbdən fərdi metabolizm və orqanizmin enerji sərfiyyatı fərqləri arıqlama və kökəlmə prosesində əsas rol oynayır.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən dietoloq Vüsalə Babayeva bildirib ki, bunun səbəbi yalnız qida miqdarı ilə bağlı deyil:
"Metabolizm, yəni bədənin enerji sərf etmə sürəti hər kəsdə fərqlidir. Bəziləri doğuşdan sürətli metabolizmə malik olur, buna görə də daha çox kalori yandırır, digərləri isə daha yavaş metabolizmə sahibdir və eyni miqdarda qida ilə daha çox enerji saxlayır".
Ekspert bildirib ki, hormonlar, genetik meyllər, əzələ kütləsi, yaş, cins və hətta bağırsaq florası bədənin çəki artımı və ya arıqlama prosesinə təsir edir.
"Yuxu və stress də metabolizmi dəyişdirə bilir. Məsələn, yuxusuzluq hormon balansını pozur və iştahı artırır, bədən isə daha çox yağ yığır. Nəticədə, çəki almaq və ya itirmək yalnız nə qədər yediyinizlə deyil, bədəninizin biofizioloji xüsusiyyətləri və həyat tərzinizlə də müəyyən olunur. Bu səbəbdən, hər kəsin fərdi yanaşmaya ehtiyacı var, yalnız kalori saymaq kifayət etmir".
Genetik meyllər və həyat tərzi hər kəsin bədənini unikal edir. Bu səbəbdən yalnız kalori saymaq və ya başqasının pəhrizini tətbiq etmək hər zaman effektiv nəticə vermir. Ekspert vurğulayır ki, arıqlamaq və ya çəkini qorumaq üçün hər kəsin öz biofizioloji göstəricilərinə uyğun fərdi yanaşmaya ehtiyacı var. Bağırsaq florasının vəziyyəti və həyat tərzi faktorları düzəldilmədən qalıcı nəticə əldə etmək çətinləşir. Görünən odur ki, çəki problemi ilə mübarizədə tərəzi rəqəmlərindən daha çox daxili balansın bərpası əsas götürülməlidir.
Həmçinin oxu: 13-cü dəfə burun əməliyyatı oldu Xəyalə Quliyeva “Maşın Şou”da qazandığı avtomobili məhkəmədə uduzdu 'Elif' əri öləndən sonra ilk dəfə bu şəxslə münasibətə başladı — FOTO
Əfsanə Kamal Demokrat.az


