Yeməklərə dad qatdığını düşünərkən əslində sağlamlığınızı riskə ata bilərsiniz. Son illərdə aparılan yoxlamalar göstərir ki, ən çox saxtalaşdırılan məhsul qruplarından biri məhz ədviyyatlardır. Xüsusilə üyüdülmüş və aşağı rütubətli olduqları üçün onların tərkibinə yad maddələrin qarışdırılması nisbətən asan olur. Rəngi daha parlaq göstərmək üçün boya, çəkini artırmaq üçün müxtəlif toz qarışıqlar, maya dəyərini azaltmaq üçün isə nişasta əlavə edilə bilər.
Demokrat.az xəbər verir ki, ev şəraitində aparılan sadə üsullar məhsulun keyfiyyəti barədə ilkin təsəvvür yarada bilər. Ən çox saxtalaşdırılan ədviyyatlardan biri pul bibərdir. Həddindən artıq parlaq və qeyri-təbii qırmızı ton diqqət çəkirsə, bu, sintetik boya ehtimalını artırır. Evdə yoxlamaq üçün bir stəkan soyuq suya bir çimdik pul bibər əlavə edib qarışdırmadan gözləmək kifayətdir. Əgər su bir neçə saniyə ərzində sürətlə qıpqırmızı və ya narıncı rəng alırsa, bu, boya qatqısından xəbər verə bilər. Təbii pul bibər isə əvvəlcə yağlı quruluşuna görə suyun səthində qalır və rəngi tədricən yayılır.
Zərdəçal da son illər daha çox istifadə olunduğu üçün saxtakarlıq riskinin artdığı məhsullar sırasındadır. Bəzi hallarda tərkibinə nişasta, un və ya digər dolğu maddələrinin qatıldığı bildirilir. Ev şəraitində yoxlama üçün bir stəkan isti suya bir çay qaşığı zərdəçal əlavə edib qarışdırmadan gözləmək tövsiyə olunur. Təbii zərdəçal zamanla dibə çökür və suyun yuxarı hissəsi nisbətən aydın qalır. Su tamamilə bulanıq sarı məhlula çevrilirsə, əlavə maddə ehtimalı artır.
Qara istiot da xüsusilə üyüdülmüş formada saxtalaşdırmaya açıqdır. Bəzi hallarda tərkibinə başqa üyüdülmüş toxumlar və ya çəkini artıran maddələr qarışdırıla bilər. Sadə test üçün bir neçə dənə qara istiotu suya atmaq kifayətdir. Təbii qara istiot adətən suyun səthində qalır və ya çox yavaş çökür. Sürətlə dibə çökən məhsullarda isə sıxlıq fərqi səbəbilə şübhə yarana bilər.
Kənan Demokrat.az


