Bakının Nizami rayonunda 1962-ci il təvəllüdlü Mehdi şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qardaşı arvadı Əsmərə (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, o, qardaşı Mehrac ilə aralarında qeyri-yaşayış obyekti ilə bağlı olan mülki mübahisəsi olub.
Bununla əlaqədar 10 mart 2024-cü ildə, saat 12 radələrində həmin obyektə gəlib və qardaşı Mehrac tərəfindən ticarət obyekti kimi işlədilməsi üçün Abbasa icarəyə verilməsini bildikdə həmin ünvanda obyektin icarəyə verilməsinə etiraz edib.
Mehdi narazılığını bildirməsi ilə əlaqədar obyektə qardaşı Mehracın arvadı Əsmər ilə birlikdə gəlib. O, hec bir əsas olmadan obyektdə yığılmış meyvə-tərəvəzi dağıtdıqdan sonra taxta parçası ilə icarədar Abbasa məxsus tərəzini vuraraq sındırıb, əmlakını məhv etməklə 40 manat maddi ziyan vurub.
Daha sonra Mehdi əlində olan taxta parçası ilə qardaşı Mehraca hücum edən zaman onun arvadı Əsmər özünü qabağa verib. Bu zaman o, taxta parçası ilə qardaşı arvadının sağ qol nahiyəsinə və sağ əlinə bir neçə dəfə vurub.
Hadisəni törədən Mehdinin barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Mehdi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, 1998-ci ildə qardaşı Mehracın yaşadığı ünvanın hasarının qarşısında mağaza tikdirib və həmin mağazanı işlətməsi üçün digər qardaşı Müslümə verib: “Daha sonra həmin mağazanı müxtəlif şəxslərə icarəyə vermişəm. Qardaşım Mehrac mağazanın işləməsinə imkan vermədiyindən mağaza fəaliyyətsiz qalıb. Bu səbəbdən mağaza barədə məhkəmə mübahisəsi davam edir”.
Mehdi bildirib ki, martın 10-da həmin mağazaya gəlib və mağazanın bir nəfər qadın tərəfindən işədildiyini görüb: “Ondan mağazanı işlətməyim üçün icazənin kim tərəfindən verildiyini soruşdum. Mağazanın qardaşım Mehrac və həyat yoldaşı Əsmər tərəfindən ona işlətməsi üçün verildiyini bildim. Mən Mehracı çağırmağa getdim, təxminən 5 dəqiqə sonra qardaşım Mehrac, həyat yoldaşı Əsmər, oğlu Ağa və tanımadığım üç nəfər şəxs gəldi. Onlar mənə mağazanı tərk etməyi bildirdilər. Qardaşımın oğlu mobil telefonla çəkiliş aparmağa başladı. Həmin vaxt əsəbləşdiyim üçün bu hadisələr baş verdi. Lakin Əsməri taxta ilə vurmamışam”.
Nizami Rayon Məhkəməsinin hökmü ilə Mehdinin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il sınaq olmaqla 2 il şərti cəza verilib.
Fariz Məlikli Demokrat.az


