“Azərbaycan ev sahibi olaraq böyüklüyünü göstərdi və Ermənistanı COP29-a dəvət etdi. Bundan sonra tədbirdə iştirakla bağlı qərar vermək Ermənistanın üzərinə düşür. Düşünürəm ki, Ermənistan hakimiyyəti sülh yaratmaq istəyində səmimidirsə, həqiqətən də aradakı gərginliyə tezliklə son qoymaq istəyirsə, Azərbaycanın dəvətini müsbət qiymətləndirəcək”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib. Onun sözlərinə görə, Ermənistanın Baş nazir səviyyəsində olmasa da xarici işlər naziri səviyyəsində COP29-da iştirakı gözləniləndir:
“Ermənistanın tədbirdə iştirakının sülh prosesinə töhfə vermək məsələsinə gəlincə isə bu onun özündən çox havadarlarından asılı olan məsələdir. Britaniyadakı son tədbirdə Paşinyanın Prezident İlham Əliyevlə görüşdən imtina edərək danışıqlardan kənara çəkildiyinin şahidi olduq. Ardınca Kəlbəcər atəşə tutuldu, daha sonra da verilən bəyanatlar göstərdi ki, Ermənistan tərəfi sifariş aldığı güclərin maraqlarından çıxış edir. Odur ki, indi həmin güclər – Fransa, Aİ, ABŞ və digərləri sülhdə maraqlı olaacaqsa, necə deyərlər, Paşinyana “icazə” verəcəklərsə, sülh sazişi istiqamətində real adımlar atılacaq. Əks halda biz yenə də Ermənistanın sülhdən yayındığının və bölgədə gərginliyi artırmaq üçün təxribatlar törətdiyinin şahidi olacayıq. Əlbəttə ki Azərbaycan bunu cavabsız qoymayacaq. Məsuliyyət təkcə Ermənistanın deyil, onu silahlandıran və gərginliyi alovlandıran qüvvələrin üzərinə düşəcək”.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan avqustda keçirəcəyi mətbuat konfransında ölkəsinin noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirakına dəvət məsələsinə toxunacaq. "Hraparak" qəzeti bildirir ki, bu barədə Ermənistan hökumətinin İnformasiya və ictimaiyyətlə əlaqələr İdarəsindən məlumat verilib.
Törə Zeynallı Demokrat.az


