Gündəm

Kamran Bayramov: Artıq “Qarabağ Azərbaycandır” şüar deyil, dünyanın qəbul etdiyi reallıqdır

Kamran Bayramov: Artıq “Qarabağ Azərbaycandır” şüar deyil, dünyanın qəbul etdiyi reallıqdır

Şuşa Azərbaycanın qədim tarixini özündə yaşadır. Bu şəhər milli mədəniyyətimizin mərkəzi, poeziyamızın və musiqimizin beşiyidir. Şuşada Vaqif poeziya günlərinin, «Xarı bülbül» festivalının bərpa olunması isə böyük əhəmiyyətə malikdir. Xarı bülbül Qarabağımızın rəmzi olmaqla yanaşı, qələbə ilə bitən müharibəmizin də rəmzidir. Bu gün işğaldan azad edilmiş torpaqlarımızda Azərbaycanın üçrəngli bayrağı dalğalanır. Bu gün artıq, Şuşa, diplomatik mərkəzə çevrilib və tədbirlərin keçirilməsi, sənədlərin imzalanması üçün ideal məkan kimi qəbul olunur. Qarabağın tacı olan bu müqəddəs torpağın- Şuşanın, əzəli şöhrətinin qısa müddətdə özünə qaytarılması Azərbaycan xalqı üçün ilahi ədalətin təntənəsi kimi dəyərləndirilir. Dövlət başçımız Ulu öndərin anadan olmasının 101-ci ildönümündə Şuşaya səfəri zamanı vacib mesajlar da verdi. Əsas mesajlardan biri 44 günlük müharibədən sonra regionda yaranmış yeni reallıqlar və xüsusilə də suverenliyimizin bərpasından sonra məhz, Ermənistanın bizim irəli sürdüyümüz tələblərlə razılaşmasıdır. Cənab prezidentin bu tədbirdə söylədiklərini, artıq, bütün dünya eşitdi:

“Qazaxın 4 kəndi bir tələbimlə qaytarılır, bax, belə də olmalıdır. Bundan sonra belə də olacaq. Burada söz sahibi bizik, Qafqazda aparıcı dövlət bizik, iqtisadi, siyasi, hərbi, hər cəhətdən aparıcı dövlət bizik, bizimlə hər kəs hesablaşmalıdır” deyən Prezident İlham Əliyev Ermənistana və onun havadarlarına növbəti dəfə xəbərdarlıq etdi: “Onlara yalançı vədlər verən xarici dairələr bizimlə hesablaşmasalar, peşman olacaqlar.”

Delimitasiya, demarkasiya prosesinin məhz, Azərbaycanın şərtləri əsasında həyata keçirilməsi böyük diplomatik uğurdur. Bu günün reallıqları da göstərir ki, Azərbaycanın iradəsindən kənar bu bölgədə heç bir məsələ həll olunmayacaq. Dövlət başçımızın qeyd etdiyi kimi, Fransa və Amerika bilməlidirlər ki, bizim iradəmizdən kənar bu bölgədə heç bir məsələ həll olunası deyil. “Hansısa səfirin Şuşaya gəlməsi bizə minnət kimi təqdim edilməməlidir. Gəlir gəlsin, gəlmir, heç lazım da deyil. Guya onların gəlib-gəlməməsi ilə nəsə dəyişir, heç nə dəyişmir.” Bizim siyasətimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Artıq, “Qarabağ Azərbaycandır” şüar deyil, dünyanın qəbul etdiyi reallıqdır

Demokrat.az bildirir ki, bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov açıqlamasında bildirib.

K.Bayramov vurğulayıb ki, 32 ildən sonra soydaşlarımız doğma Şuşaya qayıtdı. İlkin mərhələdə 20 ailə olmaqla, 88 nəfər bu sevinci ilk dadanlardan oldu. İlin sonuna qədər isə azad olunmuş ərazilərdə ən azı 20 yaşayış məntəqəsində həyat bərpa ediləcək. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şuşaya budəfəki səfəri zamanı biz həqiqətən də dirçələn Şuşanı gördük. Burada genişmiqyaslı quruculuq işləri aparılır. Dövlət başçımız şəhərdə üçüncü yaşayış kompleksinin də təməlini qoydu. Eyni zamanda, Şuşanın tarixi abidələrinin bərpası da davam edir. Dövlət başçımızın da söylədiyi kimi, artıq, Şuşanın yeni tarixi başlayır. Səfər çərçivəsində Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Şuşanın Cıdır düzündə VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimində iştirak etmələri tolerant və multikultural Azərbaycanın dünyada yalnız sülh və əmin-amanlığın carçısı olduğuna çağırış kimi qiymətləndirilməlidir.

K.Bayramov qeyd edib ki, Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın Şuşada ilk yaşayış kompleksinin açılışında iştirak edərək şəhərə köçmüş sakinlərlə görüşü onların yaddaşında unudulmaz tarixi bir gün kimi qalacaq. Çünki, otuz iki ildən sonra ilk dəfə olaraq Şuşa, yenidən öz doğma şəhərinə köçmüş sakinlərinə qucaq açdı. Çox sevindirici haldır ki, yaşlı və orta nəslin nümayəndələri ilə bərabər gənc nəsil də sevinclə öz torpaqlarına qayıdırlar. Bu, xalqımızın öz torpağına bağlılığından, sevgisindən irəli gəlir. İşğal dövründə ermənilər və xaricdəki Azərbaycana düşmən olan qüvvələr güman edirdilər ki, vaxt uzandıqca gələn nəsil öz torpaqlarını unudacaq, geri dönmək istəməyəcəklər. Onlar unudurdular ki, Azərbaycan xalqı öz torpağına bağlıdır və lazım gələrsə Vətən və torpaq uğrunda canlarından, qanlarından belə keçməyə hazırdılar. Prezident İlham Əliyev Şuşa sakinləri ilə görüşündə şəhidlərimizin xatirəsinə xüsusi ehtiramını çatdıraraq bildirdi ki, “Biz hazırlaşırdıq, ölkəmizi gücləndirirdik, iqtisadiyyatımızı gücləndirirdik, güclü ordu potensialı yaradırdıq. Ən önəmlisi gənc nəsli, bu gün bizim qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən igidləri yetişdirirdik və yetişdirdik. Savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdirdik və onlar mənim əmrimlə 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad etdilər. Bugünkü günə görə biz onlara borcluyuq, şanlı Ordumuza borcluyuq, Silahlı Qüvvələrimizə borcluyuq, şəhidlərimizə, qazilərimizə borcluyuq. Allah bütün şəhidlərimizə rəhmət eləsin”. Bəli, həqiqətən də biz yaşadığımız bu qüruru, şərəfi onlara, onların şücaətinə, qəhrəmanlığına borcluyuq. Azərbaycan xalqı şəhidlərinin əziz xatirəsini hər zaman qəlbində yaşadır və yaşadacaq. Bu gün şəhidlərimizin ruhu şaddır.

Deputat diqqətə çatdırıb ki, hazırda Şuşada genişmiqyaslı quruculuq işləri gedir, böyük infrastruktur layihələri reallaşdırılır. Füzuli şəhərindən Şuşaya qısa müddət ərzində Zəfər yolu çəkilib. İndi isə daha geniş magistral avtomobil yolu çəkilir. Hazırda yeddi tuneli, doqquz viaduku, bir çox körpüləri olan dördzolaqlı gözəl bir yol çəkilir. Doğma Qarabağımızın cənnətə çevrilməsi istiqamətində çox böyük əməli işlər görülür. Azərbaycan xalqı artıq böyük qürur və fəxarət hissi ilə öz doğma torpaqlarına qayıdır. Prezident İlham Əliyev Şuşaya qayıdan ilk sakinlərə mənzillərinin açarlarının təqdim edilməsi mərasimində çıxışı zamanı bildirib ki, “bu gün Şuşanın yeni tarixi başlayır. Mən 2020-ci il noyabrın 8-də xalqa müraciətimdə demişdim ki, biz Şuşanı dirçəldəcəyik. Bax, bu gün biz dirçəldilən Şuşanı görürük”. Şuşada çox genişmiqyaslı quruculuq işlərinin getdiyini, yaşayış komplekslərinin inşa olunduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Bütün evlər gözəl memarlıq üslubunda - Şuşanın ənənəvi üslubunda inşa edilmişdir. Şərait çox gözəldir və əminəm ki, uzun fasilədən sonra şuşalılar burada rahat yaşayacaqlar, yaradacaqlar, quracaqlar, öz doğma şəhərinin tarixi simasını qoruyacaqlar”.

K.Bayramov əlavə edib ki, bu ilin sonunadək geri qayıdacaq əhalinin sayının ümumilikdə 25 min nəfərdən çox olacağı və növbəti illərdə bu rəqəmin getdikcə artacağı gözlənilir.

Məlumat üçün bildirək ki, 2026-cı ilin sonunadək, ümumilikdə, 34 min 500 keçmiş məcburi köçkün ailəsinin, yəni 140 minə yaxın insanın Qarabağ və Şərqi Zəngəzur rayonlarında məskunlaşdırılması nəzərdə tutulub.

NE
Nihadə Eyyubova