Bakının Sabunçu rayonunda 2001-ci il təvəllüdlü Yusif Hüseynzadə bibisi Xəyaləyə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 23 noyabr 2022-ci ildə, gecə saat 1 radələrində Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən ərazisində baş verib.
Orada yerləşən nömrəsiz fərdi evdə Yusif onunla birlikdə yaşayan bibisi Xəyalənin onunla kobud danışaraq ünvanına nalayiq sözlər işlətməsi və şillə ilə sifət nahiyəsinə zərbə vurması səbəbindən özünü alçaldılmış hesab edib.
Evdə masanın üzərində olan mətbəx bıçağı ilə bibisinin döş qəfəsinə üç dəfə, sağ qol nahiyəsinə isə bir dəfə zərbələr vurub.
Hadisəni törədən Yusifin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Yusif ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, zərərçəkmiş Xəyalə bibisidir, artıq bibisi ilə barışıq əldə edib, onların arasında barışıq ərizəsi də var:
“Mən müharibə zamanı hərbi xidmətdə olmuşam. Müddətdən artıq 6 ay da hərbi xidmətdə qalmışam. Bundan sonra məndə psixoloji problemlər yarandı. Valideynlərim ayrıldığı üçün uşaqlıqdan nənəmin himayəsində olmuşam. Bibisi ilə bacı-qardaş kimi olmuşuq. Aramızdakı mübahisə ev mübahisəsi olub. Əslində bibim ilə bu barədə narazılığımız olmadı.
Baba və nənəm məni evləndirmək istəyirdilər. Sözügedən evi satıb yenisini almaq barədə danışıqlarımız oldu. Bibim narazılıq etdi ki, ona da ev alınsın. Əslində onun evi var idi. Ancaq bibim məndən böyük olduğu üçün heç nə demədim. Yemək yeyən zaman bibim içəri girdi və danışmağa başladı. Mən mübahisə etmək istəmirdim. Ancaq bibim mənə təhqiramiz sözlər dedi. Həmin vaxt hərbi xidmətdən təzə gəldiyim üçün əsəblərim gərgin idi. Üstünə gələrək mənə şillə vurdu. Bıçağı götürüb ona çıxıb getməsini dedim. 2 bıçaq zərbəsini istəməyərək vurdum”.
Təqsirləndirilən şəxs qeyd edib ki, Kəlbəcərdə arxa cəbhədə hərbi xidmət keçib, fəxri fərmanı da var:
“Bibimin vurmaq istəməmişəm. Buna ehtiyac da yox idi. Həmin vaxt niyə vurduğumu da bilmirəm. Evdə bibim uşaqları, nənə və babam olub. Bıçaq zərbəsi vurduqdan sonra bizə gəldi və bibimi xəstəxanaya apardılar. Məhkumluğum yoxdur. Bibim ilə barışmışam. Onu xəstəxanaya da özüm aparmışam. Bıçaq stolun üstündə olub. Mən yemək yeyirdim. Stolda məndən başqa heç kəs yox idi. Mən və bibim idi”.
İş üzrə zərərçəkmiş Xəyalənin sözlərinə görə, qardaşı Elçin arvadından boşandıqdan sonra oğlu Yusifə azyaşlı vaxtdan onun atası və anası baxıblar:
“Mənim özüm ailəli olmuşam. Bir qız və bir oğlan övladım var. Qardaşım oğlu Yusif 27 sentyabr 2020-ci ildə başlanan vətən müharibəsində əsgər kimi iştirak etdi. Yusif hərbidə əsgər kimi xidmətini başa vurub təxris olunduqdan sonra yenə atamın yaşadığı evdə yaşamağa başladı. Atam Yusifi evləndirmək fikirində idi. Lakin Yusif hər dəfə bir bəhanə edərək evi olmadığı üçün evlənməkdən imtina edirdi. Atam isə Yusifə öz yaşadığı evi satıb ona ayrıca ev alacağını dedi. Atam yaşadığım evi satsaydı, oradan mənə də pay verilməliydi ki, mən də öz azyaşlı övadlarım ilə birlikdə ayrıca yaşayım. Lakin Yusif buna imkan vermirdi. Atama hər dəfə məni evdən çıxarmasını deyirdi. Atam isə Yusifi nəvəsi kimi yox, öz övladı kimi çox istəyirdi. Çünki Yusifi azyaşlı vaxtlarından atam və anam saxlaylıblar. Ona görə də Yusifin hər bir sözünə atam razlaşırdı”.
Zərərçəkmiş qeyd edib ki, daha sonra Yusiflə onun arasında olan münasibətlər pozulub:
“23 noyabr 2022-ci ildə, təxminən saat 1 radələrində evdə idim. Anam, atam və azyaşlı övladlarım yatırdılar. Mən isə televizorda kinoya baxırdım. Həmin vaxt Yusif işdən gəldi və anamı səsləyərək ac olduğunu dedi. Anam yuxudan oyanaraq Yusifə yemək verdi və yenidən yatdı. Yusiflə eyni otaqda olduq, Yusif yemək yeyirdi. Həmin vaxt Yusifə nəyə görə atamın satmaq istədiyi evdən mənə pay verilməsinə narazı olmasım soruşdum. Lakin Yusif sözümə heç bir cavab vermədi. Yusifin sözlərimə məhəl verməməsinə əsəbləşdim. Ona bizimlə yaşamamasını dedim. Öz atasının, yadaki anasının yanma getməsini bildirdim. Bundan sonra aramızda sözlü mübahisələrimiz yarandı. Mübahisə zamanı Yusifi təhqir etdim. Yusif onu təhqir etməməyimi bildirdi. Lakin Yusiflə mübahisə etmək istəyirdim ki, məni vursun.
Aramızda mübahisə yarandıqdan sonra səsə atam və anam yuxudan oyandılar. Bunu etməkdə məqsədim son sözümü atama və anama deyəcəydim ki, yaşadığımız evdə Yusif qalmamalıdır. Yusifə dayanmadan kobud sözlər deyirdim. Yusif isə mənə heç bir söz demirdi. Lakin sonradan biz əlbə-yaxa olduq. Həmin vaxt Yusifin sifət nahiyəsinə şillə vuraraq “rədd ol çıx get evimizdən, səni kimi küçədə qalmış insanları gətirib evdə saxlayırıq, səndə başımıza çıxırsan” dedim. Yusif masanın üzərində olan mətbəx bıçağını əlinə götürdü və məni vuracağını dedi. Elə bildim ki, Yusif məni qorxutmaq üçün əlinə bıçaq götürüb, ona görə də Yusifə “kişisən gəl vur” deyib təhqir etdim. Mən gözləmədiyim halda Yusif əlinə götürdüyü mətbəx bıçağı ilə döş qəfsimə zərbə vurdu. Bıçağı Yusifin əlindən almaq istəyəndə bıçaq sağ qoluma da dəydi. Mən yerə yıxıldım. Həmin vaxt Yusifin özü də çox qorxdu və məni vurduğuna görə üzr istədi”.
Xəyalə bildirib ki, bundan sonra Yusif onun atasını və anasını yuxudan oyadıb:
“Azyaşlı uşaqlarımı isə yuxudan oyatmağa qoymadım ki, qorxmasınlar. Sonra Yusif küçəyə çıxdı. Təxminən 5-10 dəqiqədən sonra evə qayıdaraq məni qucağına götürüb evdən küçəyə çıxartdı və tanımadığım şəxsin idarə etdiyi markası və dövlət qeydiyyat nişanı yadımda qalmayan avtomobilinə əyləşdirərək anam ilə birlikdə 3 saylı Şəhər Klinik Xəstəxanasına apardılar. Anam xəstəxanada mənim yanımda qaldı. Yusif isə getdi. Xəstəxananın cərrahiyə şöbəsində məni əməliyyat etdilər”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Yusif 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Fariz Məlikli Demokrat.az


