Gündəm Özəl

“Paşinyanın Fransa səfəri danışıqlara xələl gətirmək üçün fürsət yaradır” — Politoloq

“Paşinyanın Fransa səfəri danışıqlara xələl gətirmək üçün fürsət yaradır” — Politoloq

Ermənistan təhlükəsizlik şurasının katibi Armen Qriqoryan jurnalistlərə açıqlamasında bildirib ki, yaxın vaxtlarda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş keçiriləcək. Onun sözlərinə görə, görüşdə sülh müqaviləsinin layihəsi ilə bağlı müzakirələr aparılacaq. TŞ katibi əlavə edib ki, rəsmi İrəvan Bakıdan sülh müqaviləsi ilə bağlı növbəti təkliflər paketi aldığını təsdiqləyib.

Məsələyə Demokrat.az-a açıqlamasında münasibət bildirən politoloq Samir Hümbətovun sözlərinə görə, artıq Ermənistanla 4 ilə yaxındır davam edən danışıqlar hələ də nəticə vermir, bu və ya digər formada pozulur, bunun birinci səbəbi də Ermənistandır:

“Çünki Ermənistan Azərbaycanla danışıqlar prosesini sona qədər aparmaq iqtidarında deyil. II Qarabağ savaşına qədər danışıqlar prosesində hansı mövqeni sərgiləyirdisə, indi də həmin yolu davam etdirir. İstər XİN rəhbərləri, istərsə də ölkə başçıları səviyyəsində keçirilən görüşlərdən o zaman nəticə gözləmək olar ki, Ermənistanın hansısa istiqaməti müəyyən edib axıra qədər getdiyini görək. Bir tərəfdən Azərbaycanla sülhün imzalanmasından danışır, digər tərəfdənsə Fransadan silah almağa davam edir. Ümumiyyətlə, dövlətlər sülhə gəlmək istəyirsə, qəti olaraq ortaya mövqe qoymalıdır. Armen Qriqoryanın dediyi kimi görüş baş tutarsa da müsbət nəticə əldə olunacağı inandırıcı deyil. Ermənistan bu vaxta qədər hansı danışıqları axıra qədər apara bilib? Buna diqqət etmək lazımdır ki, hazırkı təmasların sülhə töhfə verib-verməyəcəyi bizə aydın olsun. Paşinyanın son Fransa səfəri də danışıqlara xələl gətirmək üçün əla fürsət yaradır”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova