Elm və təhsilin inkişafı dövlətin prioritetlərindəndir. Müasir ixtisasların açılması ilə ölkə təhsilində ali təhsil pilləsi yeni mərhələyə qədəm qoyur. Son bir neçə ildir ki, texnologiya əsaslı ixtisaslara universitetlərdə daha çox yer ayrılır, əmək bazarında bu peşələrin mütəxəssislərinə daha çox ehtiyac duyulur. Paralel olaraq ali təhsilin elm və tədqiqat yönümündə qurulması da dünya təhsil sisteminə inteqrasiyanın bir parçasıdır. Bərpa və quruculuq işlərinin sürətlə davam etdiyi Qarabağda da diqqət yetirilən sahələrdən biri təhsildir. Azad Qarabağda təhsilin inkişafı və ümumi ölkə təhsilinin inkişafına səmərə verməsi həm də strateji məsələdir. 2023-cü ilin sentyabrında bir günlük antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənən Xankəndində fəaliyyətə başlayacaq Qarabağ Universiteti ölkə təhsilinə mühüm töhfədir. 
Nazirlər Kabinetinin təsdiqlədiyi “Qarabağ Universitetinin Nizamnaməsi”ndə bildirilir ki, təhsil ocağına bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə qəbul aparılacaq. Universitet tədqiqat yönümlü olacaq, eyni zamanda orta ixtisas və əlavə təhsil proqramları da həyata keçiriləcək. Qarşıdakı tədris ilində universitetə 1000 tələbənin qəbulu planlaşdırılır, növbəti 5 ildə bu say 10 minə çatdırıla bilər. İlk illərdə universitetdə təhsil ödənişsiz olacaq və tələbələrə təqaüd veriləcək. Elm və Təhsil Nazirliyinin məlumatlarında o da qeyd olunur ki, Qarabağ Universitetində SABAH qrupları da fəaliyyət göstərəcək. Digər universitetlərlə mübadilə və mobillik proqramları həyata keçiriləcək. Universitetdə ilkin mərhələdə 6 fakültə və 20 ixtisas açılacaq, bunlara pedaqoji, iqtisadiyyat, humanitar və sosial, mühəndislik, incəsənət və turizm yönümlü ixtisaslar aiddir. Universitetin öz yataqxanası olacaq. Professor-müəllim heyəti və tədqiqatçılar birinci tədris ilində həm daimi əsaslarla, həm də dövri (həftəlik, aylıq, semestrlik) fəaliyyət göstərə bilər.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müəllimi, tarix elmləri doktoru, professor Həvva Məmmədovanın fikrincə, Xankəndində Qarabağ Universitetinin yaradılması tarixi hadisədir. Xankəndindən seçilən keçmiş millət vəkili Demokrat.az-a açıqlamasında qeyd edib ki, Qarabağ Universiteti uğurlu fəaliyyəti ilə gələcəkdə ölkə universitetləri arasında seçiləcək:

“Xankəndində Zəfər paradının keçirilməsi, növbədənkənar prezident seçkilərində Prezident və ailəsinin Xankəndində səsvermədə iştirak etməsi, tezliklə burada Qarabağ Universitetinin açılması o deməkdir ki, Xankəndi şəhəri inkişaf edir, şəhərə yeni nəfəs gəlir, Qarabağ günü-gündən dirçəlir. Azad edilmiş bütün şəhərlərdə bərpa və quruculuq işlərinin aparıldığının, keçmiş məcburi köçkünlərin yurdlarına qayıdışının, “ağıllı kənd” və “ağıllı şəhər”lərin, müasir infrastrukturun salınmasının şahidi oluruq. Qarabağda təhsil sahəsinə diqqət ayrılması da bölgənin inkişafı üçün əhəmiyyət kəsb edir. Bu mənada Qarabağ Universiteti həm bölgənin inkişafına, həm də ölkə təhsilinin yeni mərhələyə qədəm qoymasına gətirib çıxaracaq. Bütün dünya azərbaycanlıları Qarabağ Universitetinin yaradılmasına sevinir. Düşünürəm ki, yerli və xarici tələbələrin, savadlı gənclərin universitetə cəlb edilməsi üçün xüsusi strategiya işlənib hazırlanacaq və bu gənclər ölkədə müxtəlif sahələrdə nailiyyətlərə imza atacaqlar”.
Təhsil eksperti Qoşqar Məhərrəmov isə sayta açıqlamasında bildirib ki, universitetin tədqiqat yönümlü olması orada geniş sahə, eksperimental, empirik tədqiqatların aparılmasına şərait yaradacaq:

“Tədqiqatlar universitetin dünyadakı imicinə müsbət təsir edəcək. Dünya reytinqində yer alması üçün universitetlərin tədqiqat yönümlü olması mühüm rol oynayır. Qarabağ Universitetinə peşəkar professor-müəllim heyəti cəlb edib orada müasir laboratoriyalar qurulsa, mühüm tədqiqatlar aparılsa və nəticələri tanınmış elmi jurnallarda çap olunsa, bu həm universitetin, həm ölkənin, həm də regionun imicinə müsbət təsir edəcək. Universitetin tədqiqat yönümlü olması həm də əlavə gəlir mənbəyi deməkdir. Əgər universitetdə vacib tədqiqatlar aparılırsa və əmək bazarında istehsalata fayda verəcək məhsula çevrilə bilirsə, bu zaman həmin tədqiqat xarici mənbələrdən də maliyyələşdirilə bilər. Yəni, tədqiqatlar universitetin sadəcə elmə töhfəsi deyil, həm də maliyyə resursudur. Tədqiqat yönümlü universitetlər bundan pul qazanır. Elə bir sahə yoxdur ki, orada yeni tədqiqatlara ehtiyac olmasın. Tədqiqat elmin yanacağıdır və onun inkişafı üçün əsas şərtdir. Nizamnamədə qeyd olunan fakültələrin açılması həmin sahələr üzrə kadr cəlbi məsələsini də önə çəkir. Qarabağ Universitetinin kadr problemini indidən düşünmək lazımdır. Elə kadrlar cəlb olunmalıdır ki, qeyd olunan sahələr üzrə tədqiqat apara bilsin, universitetə müsbət imic qazandırsın. Qısa müddətdə öyrənilməsi mümkün olan ixtisaslar var. Turizm və menecment sahəsinə aid aşpazlıq, informasiya texnologiyalarına aid olan kompüterlərin təmiri, texniki məsələlər, mühəndislik üzrə rəngsaz, qaynaqçı və s. peşələrin öyrədilməsi üçün iki il təhsil verən kolleclər açıla bilər. Pedaqoji ixtisasların tədrisi üçün isə iki il azdır, bu ixtisaslar ali təhsil pilləsində öyrədilməlidir. Kollec təhsili ilə bir çox peşə qazandırıla bilər. Bu şəkildə dünyada xeyli sayda tələbə məzun olur və özünə iş tapa bilir”.
Törə Zeynallı Demokrat.az
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması istiqamətində yayımlanır.


