İngiltərənin Oksford şəhərində bir qrup alim termonüvə sintezi enerjisi sahəsində yeniliyə imza atıb.
Demokrat.az “skynews”a istinadən xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb. Belə ki, alimlər tükənməyən təmiz enerji mənbəyi istehsalı üzrə təcrübə aparıblar. Bir çay qaşığından da az - cəmi 0,2 milliqram yanacaq sərf edilərək beş saniyə ərzində 69 meqajoul enerji istehsal edilib. Mütəxəssislər prosesi təkmilləşdirmək üçün on illiklər ərzində çalışıblar. Bu təcrübə 40 ildən artıqdır ki, fəaliyyət göstərən JET (Birləşdirilmiş Avropa Tokamakı (Joint Eurorean Torus) – tokamak tipli təcrübə qurğusu) üçün sonuncu təcrübə sayılır.
Nüvə enerjisi yaratmaq üçün komanda qurğudakı temperaturu 150 milyon dərəcə selsiyə qaldırıb ki, bu da Günəşin nüvəsindən təxminən 10 dəfə yüksəkdir. Yüksək temperatur deuterium və tritiumun birləşməsi və helium əmələ gəlməsi ilə nəticələnib ki, bu da öz növbəsində böyük miqdarda istilik buraxır. Təcrübədə 300 ekspert iştirak edib.
“EUROfusion” Nüvə Tədqiqatları İnstitutunun baş direktoru Ambrojio Fasoli bildirib ki, onun apardığı təcrübə və yeni rekord ən son nüvə layihələri üçün ümidverici hadisədir. O, Fransanın cənubunda dünyanın ən böyük beynəlxalq termonüvə reaksiyası reaktoru olan "ITER"dən daha çox enerji istehsal etmək məqsədi ilə "DEMO" reaktorunun yaradıldığını diqqətə çatdırıb: “Effektivliyi Yeni Enerji Reyestri tərəfindən təsdiqlənmiş “ITER” və “DEMO” kimi gələcək termonüvə maşınlarının aparacağı uğurlu əməliyyatlar nüvə sintezi enerjisinin inkişafına inam yaradacaq”, - Fasoli açıqlamasında bildirib.
Termonüvə enerjisi ilk növbədə insanların qalıq yanacaqları yandırması nəticəsində yaranan iqlim dəyişikliyinin qarşısını alacaq, lakin bildirilir ki, bu texnologiyanın kommersiyalaşdırılması uzun müddət tələb edir.
Törə Zeynallı Demokrat.az


