Kriminal Özəl

Prorektorun qətli necə planlaşdırılıb? — DETALLAR

Prorektorun qətli necə planlaşdırılıb? — DETALLAR

“Elm və Təfəkkür Universiteti”nin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən həmin universitetin rektoru Müşfiq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Demokrat.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə baş tutan iclasda prokuror Cövdət Mehrəliyev ittiham aktını elan edib.

İttihama görə, “Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti”nin prorektoru Tariyel Əhmədovun 16 sentyabr 2011-ci il tarixdə qəsdən öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə təqsirləndirilən şəxslər ifşa edilib.

İbtidai istintaq zamanı həmin universitetin rektoru vəzifəsində işləmiş Müşviq Atakişiyevin Tariyel Əhmədovu öldürməyi qohumu Dəyanət Quliyevə sifariş verməsi, sonuncunun sifarişi əsasında isə Samir Quliyevin cinayəti törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlara əsasən rektor vəzifəsində qalmasına və işgüzar nüfuzuna maneə kimi qəbul etdiyi üçün Müşviq Atakişiyevin qisas məqsədilə pul müqabilində zərərçəkmiş şəxs Tariyel Əhmədovun öldürülməsini öz qohumu Dəyanət Quliyevə sifariş verməsi, sonuncunun isə 40 min ABŞ dolları müqabilində, habelə gələcəkdə maddi və mənəvi dəstək olmaq şərtilə bu cinayəti sifariş verdiyi həmkəndlisi Samir Quliyevin bir neçə gün zərərçəkmişi izlədikdən sonra Bakı şəhəri, Yasamal rayonunun Şərifzadə küçəsində yerləşən idman meydançalarından birində küt əşya ilə bir neçə dəfə onun baş və bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək ölümünə səbəb olan xəsarətlər yetirməsi müəyyən olunub.

Müttəhimlər D.Quliyev və S.Quliyev ittihama münasibətdə özlərini təqsirli biliblər. Qətlin sifarişçisi kimi ittiham edilən professor Atakişiyev isə verilmiş ittihamla razılaşmır.

Sabiq rektor cinayətdən tam boyun qaçırmır. O, özünü Cinayət Məcəlləsinin 126-cı (qəsdən aağlamlığa ağır xəsarət yetirmə-ehriyatsızlıqdan şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilir.

Müşfiq Atakişiyev deyib ki, mərhum prorektorla əvvəllər yaxın dost olublar, lakin rektor təyin ediləndən sonra Əhmədov onu qısqanıb. Bir müddət sonra isə iş o yerə çatıb ki, Əhmədov onu tutdurub rektor olmaq istəyib. Bundan sonra cinayət planı ortaya çıxıb: "Mənə məlumat verdilər ki, bəs Tariyel müəllim hər şeyi həll edib, yaxın vaxtlarda rektor o, olacaq. Deyim ki, Tariyel çox narahat adam idi. Ora-bura şikayət edirdi, mediaya çıxırdı. Yerimə keçmək istəməsindən əlavə məni həbs etdirməyi planlayırdı. Belə bir xəbər də çatmışdı mənə… Vəzifə mənə maraqlı deyildi, əsas məni həbs etdirmək istəməsi idi. Ona görə narahat idim. Elə yerlərlə əlaqəsi var idi ki, məni tutdura bilərdi. Nə isə axırda məcbur qaldım bacım oğlu Dəyanətə tapşırıq verdim ki, Tariyelə yüngül xəsarət yetirsin. Qətiyyən öldürtdürmək niyyətim olmayıb. İnsan çörək kəsdiyi adama elə zərbə endirməz axı. Bir-iki aylıq xəstəxanada yatması mənə kifayət idi. Həmin müddətdə işlərimi həll edəcəkdim. Həm ölməsi mənə sərf etmirdi, onunla prinsipdə olan adam kimi ilk məndən şübhələnərdilər. Düşündüm ki, xəsarət alsaydı uzağı bir yolla həll edərik. Dəyanət mənim bacım oğludur, ona valideyn kimi olmuşam. Onun ailəsinə mən baxmışam, universitetə girməsinə və işləməsinə kömək etmişəm. Buna görə Dəyanətə etibar etdim. Samiri isə ilk dəfə istintaq vaxtı görmüşəm. Mənə verilmiş ittiham absurddur, 120-ci maddə ilə özümü təqsirli saymıram. Mən Dəyanətə demişdim ki, Tariyelə maksimum yüngül xəsarət yetirsin. Hadisə günü eşidəndə ki, Tariyel ölüb, şoka düşdüm.”

Sərbəst ifadələr zamanı məlum olub ki, cinayət əməlinin üstü elə Dəyanət Quliyev vasitəsilə açılıb. Dəyanət hadisədən 12 il sonra Daxili İşlər Nazirliyinin 102 qaynar xətt nömrəsinə zəng edərək T.Əhmədovu öldürdüyünü deyib.

Müttəhim bunu zərərçəkmişin müxtəlif qurumlara ardıcıl şikayətlər etməsi ilə əlaqələndirib. Lakin əsaslı bir səbəb göstərə bilməyib.

Qətlin icraçısı kimi ittiham edilən Samir Quliyev sərbəst ifadəsində hadisə günü baş verənləri danışıb.

S.Quliyevin deyib ki, vurduğu adamın kim olduğunu bilməyib: “Dəyanət dedi ki, bir nəfərlə hesabım var, onu qorxuzmaq lazımdır. Dediyinə görə, ona işi ilə təzyiq edirmiş. Həmin vaxt Dəyanət maşınından dəmir boru çıxarıb verdi, qorxuzacağım adamı onla vurmalı idim. Bundan sonra bir neçə gün zərərçəkmişi izlədim. Hadisə günü səhər tezdən hədəf idman etmək üçün həyətə düşmüşdü, elə həmin vaxt əlimdəki dəmir boru ilə başına və bədəninə bir neçə zərbə vurdum. Huşu itəndən sonra Musabəyov parkına gəldim, taksiyə minib İmişliyə qayıtdım. Mərhumu öldürmək fikrim olmayıb, sadəcə xəsarət yetirmək istəyirdim. Həmin gün içkili idim, həm öldürmək fikrim olsaydı özümlə bıçaq aparardım. Hadisədən bir neçə gün sonra Bakıya qayıtdım. Dəyanətlə yeyib-içəndə dedi ki, öldürdüyüm adam prorektor idi. İttihamda yazır ki, Dəyanət mənə 40 min dollar verib, yalandı. Amma bir neçə dəfə mənə dost kimi 300, 500 manat kömək edib”.

Təqsirləndirilən şəxs ifadəsinin sonunda 12 il sonra cinayətin üstünün açılmasından danışıb: "Hadisənin üstündən illər keçdi, təqaüdə çıxdım. Son vaxtlar başım pozulmuşdu. Evdəkilərlə də münasibətim pis idi. Dayımdan da pul istədim vermədi. Bir dəfə özümü binadan atmaq istədim, imkan vermədilər. Sonra özümü cilovlaya bilmədim, 102-ə zəng edib etiraf etdim. Dedim ki, illər əvvəl Tariyel Əhmədovu mən öldürmüşəm. Həmin vaxt Samirlə, dayımın adını çəkmədim. Hər şeyi öz üzərimə götürdüm”.

Zərərçəkmiş Tariyel Əhmədovun hüquqi varisi qismində oğlu Zaur Əhmədov tanınıb. Bu günkü iclasda o da ifadə verib.

Hüquqi varis deyib ki, atasının qətlində iki nəfərdən- yeznəsi və Müşfiq Atakişiyevdən şübhələniblər. Yeznəsindən ona görə ki, ailədaxili problemləri olub. Mərhumun oğlunun dediyinə görə, hadisədən sonra M.Atakişiyevlə münasibətləri davam edib, dəfələrlə atasının ölümü haqda söhbətləri olub:“Deyirdi ki, atamla prinsipdə olub, öldürsəydi ondan şübhələnərdilər. Atam ölümündən əvvəl deyirdi ki, M.Atakişiyev yaxın vaxtlarda vəzifəyə gedəcək, onun yerinə də mən təyin ediləcəm. Onu da demişdi ki, Atakişiyev rektorluqdan getməsə belə, onun haqda şikayətlər var, həbs ediləcək”. Proses yanvarın 31-i davam edəcək.

Müşfiq Atakişiyev və Dəyanət Quliyev Cinayət Məcəlləsinin 32.3, 120.2.5-ci (sifarişlə adam öldürmədə təşkilatçı), Samir Quliyev isə həmin Məcəllənin 120.2.5-ci (sifarişlə adam öldürmədə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.

Məlum olub ki, təqsirləndirilən Dəyanət Quliyev hadisə vaxtı daxili işlər orqanlarında işləyib. O, 2000-ci ildən 2020-ci ilə kimi Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Şöbəsində əməliyyat müvəkkili işləyib. Samir Quliyev isə taksi fəaliyyəti ilə məşğul olub.

Həmçinin Müşfiq Atakişiyev Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun icraçı direktoru və həmin İqtisadiyyat İnstitutu nəzdində iqtisad elmləri sahəsində doktorluq dissertasiya şurasının sədri vəzifəsində çalışıb.

Qeyd edək ki, iqtisad elmləri doktoru, professor Müşfiq Atakişiyev Təfəkkür Universitetinin rektoru olub. Təfəkkür Universiteti 2017-ci ildə ləğv edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova