Quba rayonunda ər-arvadın arasında yaşanan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Quba rayonunun kəndlərindən birində baş verib. 1989-cu il təvəllüdlü Ülvi yaşadığı fərdi yaşayış evində arvadı Südabə (adlar şərtidir – red.) ilə mübahisə edib.
İstintaq sənədlərinə görə, aralarında yaranmış ailədaxili mübahisə zəminində arvadının üz və bədən nahiyəsinə qəsdən zərbələr vuraraq ona xəsarətlər yetirib.
Faktla bağlı Ülvinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Ülvi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, məlum hadisə günü saat 14 radələrində yaşadıqları evdə arvadı ilə aralarında ailədaxili söz mübahisəsi baş verib:
"Mübahisə zamanı əsəbləşərək arvadımın üz nahiyəsindən əlimlə vurdum, ona xəsarət yetirdim. Münaqişə təxminən 2-3 dəqiqə davam etdi. Aramızda mübahisə və dava-dalaş yaşadığımız evdə baş verib. Həmin zaman orada ikimiz olmuşuq".
Təqsirləndirilən şəxs ifadəsinin sonunda əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışıq əldə etmək üçün dəfələrlə cəhd etdiyini bildirib.
Zərərçəkmiş Südabənin sözlərinə görə, məlum hadisə günü saat 14 radələrində yaşadıqları evdə həyat yoldaşı Ülvi ilə aralarında ailədaxili söz mübahisəsi baş verib:
"Mübahisə zamanı Ülvi əli ilə üz nahiyəmdən vurdu, əlləri ilə boğazımdan tutaraq məni boğdu. Sonra başımdan tutaraq pəncərənin tininə vurdu".
Quba Rayon Məhkəməsinin hökmü ilə Ülvi aylıq qazancından dövlət nəfinə 10 faiz məbləğində pul tutulmaqla 9 ay müddətinə islah işləri cəzasına məhkum edilib.
Fariz Məlikli


