Lənkəranda qayınata kürəkəninə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Lənkəran rayonunun kəndlərindən birində baş verib.
1979-cu il təvəllüdlü Zeynal ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı qızının həyat yoldaşı Fəqan (adlar şərtidir – red.) ilə mübahisə edib.
İstintaq sənədlərinə görə, aralarında şəxsi münasibətlər zəminində, yəni kürəkənin qayınatasını təhqir etməsi səbəbindən yaranan mübahisə əlbəyaxa davaya çevrilib. Bu zaman 48 yaşlı kişi yumruqla kürəkəninin sifət nahiyəsinə qəsdən bir neçə zərbə vurub, ona xəsarətlər yetirib.
Faktla bağlı Zeynalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Zeynal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində kürəkəni ilə barışdığını, ona dəymiş ziyanı ödədiyini, kürəkəninin ondan şikayət və tələbinin olmadığını deyib.
Lənkəran Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci və Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü və 43.1.2-ci maddələrinə əsasən, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və onun barəsində olan cinayət təqibinə xitam verilib.
Fariz Məlikli


