“Politico” nəşrinin məlumatında bildirilib ki, Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqı Şurasının müvəqqəti prezidenti ola bilər. Aİ-nin hazırkı prezidenti Şarl Mişel 2024-cü ilin iyununda keçiriləcək Avropa Parlamenti seçkilərində namizəd kimi iştirak edəcək, buna görə də vəzifəsini vaxtından əvvəl tərk edəcəyini bildirib. Aİ liderləri tərəfindən razılıq əldə edilməyəcəyi təqdirdə Aİ Şurasının Prezidenti postu iyulda rotasiya qaydasında 6 ay müddətinə Macarıstanın Baş naziri Viktor Orbana həvalə ediləcək.
Politoloq Tural Əliyev Demokrat.az-a açıqlamasında Aİ-nin strukturunda baş verəcək dəyişikliyin Azərbaycanla Ermənistan arasındakı normallaşma prosesinə təsirini şərh edib:

“Viktor Orbanın qarşısında dayanan iki məsələ var. Avropalı siyasi liderlər onun bu posta gəlməməsi üçün təcili iclas keçirəcəklər. Bunun da iki səbəbi var. Birincisi, Orbanın Ukraynaya münasibətinin birmənalı olmaması səbəbindən Macarıstanla Ukrayna arasındakı gərginlikdir. İddia edilir ki, Macarıstan Ukraynanın Aİ-yə daxil olmasına maneə törədir. İkincisi isə avropalı siyasi liderlər hesab edirlər ki, Orban Macarıstanın Konstitusiyasına görə qanunu pozur.
Viktor Orbanın dövründən Macarıstanın türk dünyasına inteqrasiyası sürətlənib, Türk Dövlətləri Təşkilatına namizədlik statusuna malikdir. Macarıstan Türkiyə və Azərbaycanla əlaqələrə xüsusi önəm verir və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında proqressiv addımlar ata bilər. Amma Orban Macarıstan rəhbəri kimi bunu edir, Aİ Şurasının prezidenti seçiləcəyi halda kollektiv idarəetmə olduğuna görə yalnız müəyyən səylər göstərə, təkliflərlə çıxış edə bilər, bunun nəticə verməsi üçün Avropa İttifaqı institutları bütünlükdə Orbanın addımlarını dəstəkləməlidir. Bu isə real görünmür. Bu baxından Orbanın vəzifəyə gəlməyi də sual altındadır. Bu baş versə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında yeni səhifə açıla bilər, Aİ bu prosesdə səylərini intensivləşdirə bilər. Onu da nəzərə almaq lazımdır ki, onun vəzifəyə gəlişi müvəqqəti olacaq, daha sonra başqa bir şəxsin namizədliyi müzakirə olunacaq. Buna görə də Aİ-nin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində iştirakı yeni seçiləcək prezidentdən asılı olacaq”.
Törə Zeynallı Demokrat.az


