Türkiyənin Xarici işlər naziri Hakan Fidan Avropa İttifaqı (Aİ) Komissiyasının Qonşuluq və Genişlənmədən məsul üzvü Oliver Varhelyi ilə telefon danışığı aparıb.
Demokrat.az xəbər verir ki, bu barədə diplomatik mənbələr məlumat yayıb.
Məlumata görə, nazir Hakan Fidanın Varhelyi ilə telefon danışığında dekabrın 12-də keçirilən Aİ Ümumi İşlər Şurasının Genişlənmə Nəticələri və 14-15 dekabr tarixlərində keçirilən Aİ Zirvə Toplantısının nəticələri müzakirə edilib.
Nazir ötən həftə keçirilən Aİ Zirvə toplantısında gözlənilənlərin əksinə olaraq Aİ Komissiyası ilə Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cosep Borrell tərəfindən hazırlanan Türkiyə-Avropa İttifaqı münasibətlərinə dair Birgə Bəyanatın müzakirə edilməməsinin düzgün olmadığını bildirib.
Avropa İttifaqının komissarı Varhelyiyə Avropa Birliyinin Türkiyəyə qarşı daha ədalətli və tədbirli münasibət sərgiləməsi lazım olduğunu söyləyən Fidan, qlobal problemlərin gücləndiyi bu günlərdə Aİ-nin strateji baxımdan hərəkət etməli və Türkiyə ilə münasibətləri yaxşılaşdırmalı olduğunu vurğulayıb.
Fidan xatırladıb ki, Aİ-nin Gömrük İttifaqının yenilənməsi, investisiya sahəsində əməkdaşlığın artırılması və viza rejiminin sadələşdirilməsi kimi mövzularda ən qısa zamanda konkret addımlar atması gözlənilir.
Aysu Demokrat.az


