Gündəm Özəl

Yanacaqdoldurma məntəqələrində hansı təhlükəsizlik qaydalarına riayət olunmalıdır? — Ekspertdən AÇIQLAMA

Yanacaqdoldurma məntəqələrində hansı təhlükəsizlik qaydalarına riayət olunmalıdır? — Ekspertdən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Daşkəsəndə yanacaqdoldurma məntəqəsində yanğın baş verib.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanacaqdoldurma məntəqəsinin ərazisindəki generatorda qısaqapanma nəticəsində qatı tüstülənmənin baş verdiyi və məntəqə üçün təhlükənin yarandığı müəyyən olunub.

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Daşkəsən Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələrinin operativ müdaxiləsi nəticəsində böyük fəsadların yaranmasının qarşısı alınıb və yanğınsöndürmə məntəqəsi mümkün yanğın-partlayış təhlükəsindən qorunub.

Yanacaqdoldurma məntəqələrində yanğın riskinin yüksək olduğunu deyən təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Demokrat.az-a açıqlamasında bildirib ki, burada həm işçilərlə bağlı, həm də məntəqə ərazisində fəaliyyət göstərən digər təyinatlı obyektlərin təhlükəsizlik standartlarına ciddi riayət olunmalıdır:

“Yanacaqdoldurma məntəqələrində texniki təhlükəsizlik qaydalarına, əməyin mühafizəsi qaydalarına, yanğın təhlükəsizliyi qaydalarına, sanitar normalara əməl edilməlidir. Bununla bağlı işçilər təlimatlandırılmalıdır. Nəinki Azərbaycanda, bütün dünyada yanacaqdoldurma məntəqələrində baş verən bədbəxt hadisələrin böyük qismi məhz təhlükəsizlik qaydalarının pozulması səbəbindən baş verir.

Nəzərə almaq lazımdır ki, orada olan kimyəvi tərkibli maddələrin yanma, partlama, alışma riski yüksək olduğu üçün onların daşınması, boşaldılması və istismarı zamanı bütün qaydalar gözlənilməlidir. Ərazidə elektrik təchizatı daim saz vəziyyətdə olmalıdır. Qısa qapanma, alışma, tüstülənmə olarsa, bu, yanğına səbəb ola bilər. Əraziyə nasaz avtomobillərin girişi məhdudlaşdırılmalıdır. Açıq alovdan istifadə edilməməli, giriş-çıxış ayrı olmalı, yanacaq çənlərinin yanında siqaret çəkilməməlidir”.

Törə Zeynallı Demokrat.az

D
demokrat.az