Bərdə rayonunda 1976-cı il təvəllüdlü Şahin şəxsi münasibətlər zəminində yaranan münaqişə zəminində həyat yoldaşı Gülgəzə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Bərdə rayonunun kəndində baş verib.
Şahin yaşadığı evdə arvadı Gülgəz ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində mübahisə yaranıb.
Mübahisə zamanı Şahin Gülgəzin sağ və sol üz, habelə baş nahiyələrinə yumruqla qəsdən bir necə dəfə zərbə vuraraq ona xəsarətlər yetirib.
Hadisəni törədən Şahinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şahin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Gülgəz ilə 23 iyun 2005-ci ildə ailə həyatı qurub, birgə nikahlarından 3 övladları var:
“Təxminən 4 ildir beynimdə bəd xassəli şiş əmələ gəldi. Bu səbəbdən uzun müddət müalicə aldım, müalicələrin təsirindən əsəbi və həssas olmuşam”.
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü, saat 13 radələrində evində olarkən Gülgəz onların müvəqqəti yaşadıqları evdə olduğundan onu öz olduğu evə gətirmək üçün zəng edib:
“Gülgəzin mobil nömrəsinə zəng etsəm də, zəngə cavab vermədi. Təxminən yarım saat sonra Gülgəz özü mənə zəng etdi. Bağda işlədiyini, mobil telefonun isə evdə qaldığı üçün zəngə cavab verə bilmədiyini dedi. Gülgəz telefona cavab vermədiyinə görə əsəbləşdim. Qışqıraraq hazırlaşmasını dedim, onu evə aparacağımı dedim. Saat 14 radələrində başqa kənddə olan müvəqqəti yaşadığımız evə getdim. Avtomobildən düşmədən Gülgəzi səslədim. Gülgəz avtomobilə əyləşdi, biz daş-qum karxanasında olan evə yola düşdük. Avtomobildə dəfələrlə Gülgəzə zəngimə cavab vermədiyi üçün əsəbləşdim. Evə daxil olduqdan sonra Gülgəzin qolundan tutaraq yataq otağında olan stulda əyləşdirdim. Sonra isə onun qarşısına keçdim və nə üçün telefon zəngimə cavab vermədiyini, məni əsəbləşdirdiyini soruşdum. Daha sonra Gülgəzin sol üz nahiyəsinə sağ əlimin arxa hissəsi ilə şillə zərbəsi vurdum. Gülgəz zərbənin təsirindən yerə yıxıldı. Onun qolundan tutaraq bir daha stulda əyləşdirdim. Bu dəfə də onun sağ üz nahiyəsinə sol əlimin arxa hissəsi ilə şillə vurdum, sacının arxa nahiyəsindən tutaraq baş nahiyəsinə bir neçə dəfə sağ əlimin arxa hissəsi ilə şillə vurdum. Gülgəz ağladığından mətbəxə keçdim, sakitləşdirici dərman qəbul etdim. Sonra isə yataq otağında uzandım. Təxminən iki saat sonra yuxudan oyandım. Gülgəzin evdə olmadığını gördüm. Həyətə çıxdım, ancaq Gülgəzi axtarsam da, tapa bilmədim”.
Bu cinayət işinə Bərdə rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.
Bu səbəbdən Kazımın barəsində olan Şahinin barəsində olan cinayət təqibinə xitam verilib.
O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


