Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda qələbə qazanan Prezident Rəcəb Tayyib Ərdoğan ənənəvi olaraq ilk xarici səfərini Şimali Kipr Türk Cümhuriyyətinin ardından yenidən Azərbaycana etdi.
Türkiyə Prezidentinin bu səfərini şərh edən Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov Demokrat.az-a açıqlamasında bidirib ki, Ərdoğanın ölkəmizə səfərini sadəcə protokol xatirinə, ənənəvi səfər kimi qiymətləndirmək düzgün olmazdı:
“Doğrudur, Türkiyə siyasətində gözəl bir ənənə formalaşıb ki, seçkilərdən sonra ilk rəsmi xarici səfər məhz Azərbaycana olur. Bu bizim üçün də bir qəbul olunmuş ənənədir ki, Azərbayacan Prezidenti də ilk səfərini məhz qardaş Türkiyəyə edir. Bu hər iki ölkənin verdiyi çox anlamlı mesajdır və bu münasibət dəyişməz olaraq qalacaqdır. Lakin Ərdoğanın bu səfərinə həm də daha fərqli yönlərdən baxmağa ehtiyac var.
Əvvala, Azərbaycan-Türkiyə münasibətləri dostluq, qardaşlıqla bərabər, həm də “Şuşa bəyənnaməsi”lə strateji hərbi, siyasi müttəfiqlərdir və regionda əsas güc mərkəzi, bölgənin siyasi gələcəyini və istiqrarını şəkilləndirən ölkələrdir. Türkiyədə fevral ayında baş verən əsrin ən böyük fəlakəti olan zəlzələdən sonra, Türkiyədə keçiriləcək seçkilərin fonunda regionda aktivləşmiş bir çox dövlətlər üçün bu səfərin mənasını da anlamalıyıq.
Təbii ki, Azərbaycanın 44 günlük müharibədən sonra qazandığı tarixi zəfəri, Zəngəzur dəhlizinin açılması və Azərbaycanın Naxçıvanla, Türkiyənin bütün Türk dövlətlərilə quru sərhədlərinin açılmasını həzm etməyən böyük güclər mövcuddur və onlar da fürsət gözləyirdilər. Ərdoğanın bu günkü Bakı səfəri həmin qüvvələrin bütün qurulan xəyallarını alt-üst etdi, regiondakı Türk Birliyi adına başladılan bütün layihələrin davam edəcəyinə növbəti dəfə zəmanət oldu”. İlham İsmayılov qeyd edib ki, Ərdoğanın yenidən Türkiyə Prezidenti seçilməsi digər Türk Dövlətləri üçün də olduqca vacib və arzuolunan idi:
“Son 10 ilə nəzər salsaq görərik ki, Türk Birliyi ilə bağlı çox vacib addımlar atılıb. Bu yaxınlarda 5 Türk Dövlətinin (Azərbaycan, Türkiyə, Qazaxstan, Özbəkistan , Qırğızstan) iştirakı və 500 milyon dollarlıq büdcə ilə Türk İnvestisiya Fondunun yaradılması da Türk Birliyi üçün çox mühüm strateji bir həmlədir. Bu addımla Türk Dövlətləri iqtisadi asılılıqdan qurtarmaqla, bir-birilə daha da yaxınlaşacaqlar. Bunun üçün siyasi sabitlik, qərarlılıq və qarşılıqlı güvən olduqca vacidir. Ərdoğanın Bakıya səfəri də bu baxımdan bütün Türk xalqalarına həmin mesajı verir; siyasi iradə, qərarlı duruş və yola davam”.
Aynurə Demokrat.az


