Gündəm Özəl

Xocalının deputatı: "Bəlkə ermənilər əlahiddə məxluqlardır ki, bunlara dəyib toxunmaq olmaz?"

Xocalının deputatı: Bəlkə ermənilər əlahiddə məxluqlardır ki, bunlara dəyib toxunmaq olmaz?

"Azərbaycan öz qanunları və beynəlxalq hüquq prinsipləri əsasında Ermənistanla sərhədində sərhəd-buraxılış məntəqəsi yaradıb".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin Xocalıdan seçilmiş deputatı Elman Məmmədov deyib.

Deputat bildirib ki, bu sərhəd-buraxılış məntəqəsi Azərbaycanla İran, Azərbaycanla Rusiya, Azərbaycanla Gürcüstan arasında da var:

"Nəyə görə, Ermənistanla Azərbaycan arasında sərhəd-keçid postları olmasın?!

Bəlkə ermənilər əlahiddə bir fövqəl səlahiyyətə malik məxluqlardır ki, bunlara dəyib toxunmaq olmaz?

Əgər bundan və Azərbaycan ərazisində yaşayan 25-30 min erməniyə görə narahat olurlarsa, onlar çox səhv edirlər. Bizə belə məsləhət görənlər özləri bir nümunə göstərsinlər. Biz də onlardan nümunə götürək. Məsələn, əgər ABŞ belə narahat olursa, onun Kaliforniya ştatında 2 milyona yaxın ermənilər kompakt yaşayır. Orada ermənilərə bir dövlət yaratsın və onlara səlahiyyət, status versin.

Fransada Marsel ətrafında yarım milyon erməni yaşayır. Qoy Fransa da onlara bir dövlət qursun, bir staus versin.

Rusiyanın Krasnador vilayətində və digər yerlərində də ermənilər yaşayır. Orada da onlara status versinlər, dövlətlərini qursunlar. Biz də bu aparıcı dövlətlərə baxaq və onlardan nümunə götürək. ABŞ, Fransa və Rusiya ermənilərlə bağlı özlərinə rəva görmədiklərini bəs bizə niyə göstəriş verirlər?

Azərbaycan qanuni iş görüb, Ermənistanla sərhəd-buraxılış məntəqəsini qurub və bu, əbədi olaraq da qalacaq".

Şəhanə Demokrat.az

D
demokrat.az