Qusar rayonunda 1976-cı il təvəllüdlü İlyas ailə münaqişəsi zəminində atası Zabirə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin dekabrın 5-də, Qusar şəhəri, C.Cabbarlı küçəsindəki evlərdən birində baş verib.
İlyas yaşadığı evdə atası Zabiri döyərək, ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
İstintaq orqanı tərəfindən İlyasın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İlyas ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, ailəsi ilə birlikdə yaşayır:
“Son vaxtlar atam yaşlı olduğundan mənimlə və ailəsi ilə yola getməyib. Ona görə də atam ilə bir evdə qalmaq istəmirəm. Dekabrın 5-də, saat 18 radələrində atam ilə birlikdə şam etdiyim zaman az miqdarda spirtli içki qəbul etdim. Bu vaxt atam yersiz sözlər deyərək mənimlə mübahisə etməyə başladı. Atam mənə dedi ki, ev onundur, lazım gələrsə evi mənə verməyə bilər. Aramızda yaranmış mübahisə vaxtı atam nalayiq sözlər işlətdiyindən əsəbləşdim. Yumruq zərbələri ilə onun sifətinə və bədənin müxtəlif nahiyələrinə vuraraq onu döydüm”.
Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra öz otağına keçərək yatıb: “Daha sonra atam ilə aramızda baş vermiş mübahisə barədə arvadım Anjelaya danışdım. Səhəri günü atam evdən çıxaraq harasa getdi. Sonradan mənə məlum oldu ki, atam barəmdə şikayət edib”.
Zərərçəkmiş qismində ifadə verən Zabirin sözlərinə görə, oğlu İlyas, gəlini Anjela və nəvəsi Zaur ilə birlikdə yaşayır: “Son vaxtlar oğlum İlyas mənimlə yola getmədi. Məni evdən qovmaq istədiyindən mütəmadi mübahisə etdi. Dekabrın 5-də, saat 18 radələrində yaşadığım evdə olduğu zaman İlyas evdə spirtli içki qəbul edərək mənə “bu evdə qalma, səninlə bu evdə yaşamaq istəmirəm” dedi. Bu səbəbdən aramızda mübahisə yarandı. İlyasa “məndən əl çək, mən yatmaq istəyirəm” dedim. Bu vaxt İlyas yumruq zərbələri ilə sifətimə və bədənimin müxtəlif nahiyələrinə vuraraq məni döydü”.
Zabir qeyd edib ki, səhəri günü, bədənində ağrılar olduğundan Xudat şəhərində yaşayan qızı Samirənin yaşadığı evinə gedib: “Qızım sifətimdə olan xəsarətləri gördü, nə olduğunu soruşdu. Mən də İlyas tərəfindən döyüldüyüm barədə ona danışdım. Daha sonra Qusar rayon polis şöbəsinə müraciət etdim və İlyasın barəsində şikayət etdim”.
Bu cinayət işinə Qusar rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə İlyas 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.
Təqsirləndirilən şəxsin üzərinə yaşadığı Qusar şəhərindəki evini axşam saat 23.00-dan səhər saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.
Fariz Məlikli Demokrat.az


