Türkiyənin ABŞ-dakı səfirliyinin təşkilatçılığı ilə zəlzələ qurbanları üçün 60 tondan çox yardım materialını daşıyan ilk yük təyyarəsi Türkiyəyə yola düşüb.
Demokrat.az "CNN türk"ə istinadən xəbər verir ki, Kahramanmaraşda baş verən zəlzələlərdən sonra bütün dünyada başladılan yardım kampaniyaları ABŞ-da da davam edir.
“Atlas Air“, “Türk Hava Yolları” və “Boeing” şirkətlərinin birgə əməkdaşlığı ilə 60 tondan çox yardım daşıyan ilk yük təyyarəsi Türkiyəyə yola düşüb.
Türkiyə və Suriyada zəlzələ qurbanları üçün toplanan humanitar yardım DVS və "Jet Aviation"ın dəstəyilə Vaşinqtondakı Dulles Hava Limanından göndərilib.
Türkiyənin Vaşinqtondakı səfirliyindən humanitar yardımın göndərilməsi prosesində iştirak edən səfirin müavini Sinan Ertay, yardımın İncirlik Hava Bazasından təbii fəlakət bölgəsinə paylanacağını bildirib. Qeyd olunub ki, “Boeing” bu təyyarəni yanacaqla təmin edir. Təyyarə "Atlas Air"ə məxsusdur və daşıma işlərini "Türk Hava Yolları" həyata keçirir:
“Bu yardıma qış geyimləri, çadırlar və ilkin mərhələdə sağ qalmaq üçün lazım olan hər şey daxildir. Yardımlar gəlməyə davam edir. Biz bu yardımları toplayaraq, “Türk Hava Yolları” ilə əvvəlki kimi göndərməyə davam edəcəyik” - səfirlik rəsmisi bildirdi.
Zamiq Demokrat.az


