Kəlbəcər rayonu, 11 saylı orta məktəbdə müəllim işləmiş Rasim dələduzluqda ittiham edilib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Rasim Akifin oğlu İslamın Gürcüstan Respublikasında “A.A.Boqomolets adına milli tibb universitetinin” stomatologiya fakültəsində təhsil almasına dair diplomun Azərbaycan Respublikası Təhsil Nazirliyində tanınması üçün prosedurları həyata keçirib, həmin diplomu tanıtdıracığı ilə bağlı yalandan vəd verib.
Rasim aldatma yolu ilə 2018-ci ilin oktyabrından 2019-cu ilin sonlarına kimi müddətdə qohumu Asif vasitəsi ilə Akifdən ümumilikdə 7600 manat alıb. İstintaq orqanı tərəfindən Rasimin barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rasim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, təxminən 2-3 il bundan qabaq qohumu Asəf ona telefonla zəng edib və yaxın dostu olduğunu, Gürcüstanda universitet qurtardığını, diplomunu təsdiq elətdirmək lazım olduğunu deyib: “Həmin vaxt təcili pula ehtiyacım olub. Buna görə də həmin şəxsdən Asəfin vasitəsilə pul almağı fikirləşdim. Asəfə dostunun sənədlərini göndərməsini, işi düzəltməyə çalışacağımı dedim. Asəf İslam adlı Yevlax şəhər sakininin sənədini mənə Gəncə şəhərinə göndərdi. Təxminən bir neçə gün sonra Asəfə bu işin xərcinin 6000 manat olduğunu bildirdim. Asəf də “narahat olma, bu iş düzələndir və İslam nə qədər lazım olsa pul verəcək” dedi”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, Asəf həmin ərəfələrdə, təxminən 2018-ci ilin oktyabrın ortalarında İslamın atası Akifdən aldığı 4000 manat pulu ona verib: “Həmin vaxt Bakı şəhərinə getdim. Yolüstü Yevlax şəhərindən keçən zaman günorta saatlarında həmin pulu Yevlax şəhər avtovağzalında Asəfdən götürdüm. Həmin pulu öz şəxsi ehtiyaclarıma xərclədim. Səhhətimdə problemlər olduğu üçün müalicə olundum. Təxminən iki ay sonra isə Asəfə pulun qalan 2000 manatını göndərməsini bildirdim. Asəf həmin ərəfələrdə, yənin 2018-ci ilin dekabrın ortalarında günorta satlarında İslamın atası Akifdən aldığı 2000 manat pulu Yevlax şəhər avtovağzalında mənə verdi. Həmin pulu da öz şəxsi ehtiyaclarıma xərclədim. Evimi təmir etdirdim, müalicə aldım”. Rasim qeyd edib ki, daha sonra isə Asəfə 2000 manat da lazım olduğunu deyib: “Asəf də təxminən 2019-cu ilin sonlarına yaxın İslamın atası Akifdən aldığı 1600 manat pulu da mənə Yevlax şəhərində verdi. Həmin pulu da öz şəxsi ehtiyaclarıma xərclədim. Maddi imkanım olmadığı üçün həmin 7600 pulu qaytara bilmədim. ancaq qanun qarşısında məsuliyyət daşımağa hazır oldum. Bundan başqa həmin 7600 manat puldan Asəfə və ya başqa şəxslərə heç bir şey verməmişəm. Diplomun təsdiqi üçün isə təhsil nazirliyinə və ya başqa qurumlara, həmçinin başqa şəxslərə rəsmi, qeyri-rəsmi qaydada heç bir müraciət etməmişəm. Törətdiyim əməldən səmimi peşman olmuşam. Zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəmişəm, onunla barışıq əldə etmişəm. Habelə vurduğum ziyanın 25 faizi hissəsini təşkil edən məbləği dövlət büdcəsinə ödəmişəm”.
Bu cinayət işinə Yevlax rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edib. O, cinayət məsuliyyətindən azad edilib.
Rasimin barəsində olan cinayət təqibinə xitam verilib.
Fariz Məlikli Demokrat.az


