Almaniyada qaz istehlakçılarının dekabr ayı üzrə ödənişlərini hökumətin üzərinə götürməsini nəzərdə tutan qanun layihəsi bu gün Nazirlər Şurasında təsdiqlənib.
Demokrat.az “Reuters”ə istinadən xəbər verir ki, bu haqda "Twitter"də paylaşımında Almaniyanın kansleri Olaf Scholz Nazirlər Şurasının iclasından sonra açıqlayıb.
Qanun layihəsinin qəbulu Almaniyada qazın qiymətinin artması fonunda insanların və kiçik müəssisələrin yükünü yüngülləşdirmək məqsədi daşıyır.
Təxminən 20 milyon qaz istehlakçısını əhatə edən bu addım üçün büdcədən 8,9 milyard avro ayrılıb. Qanun layihəsi hökumətin bu pulu qaz tədarük edən şirkətlərə köçürməsini nəzərdə tutur. Sözügedən büdcə Almaniya parlamentinin oktyabrın 21-də təsdiq etdiyi İqtisadiyyatın Sabitləşdirilməsi Fondu tərəfindən ödəniləcək.
Kirayə qalan vətəndaşlar da bu qərardan faydalana biləcək. Qanun layihəsinə görə, onların qaz pulunu dekabr ayında ödəyəcəkləri, lakin sonradan ediləcək bərabərləşdirmə ilə ev sahiblərindən geri alacaqları planlaşdırılır. Yeni bağlanacaq icarə müqavilələrində isə kirayəçilərin dekabr ayı üzrə əvvəlcədən ödəmədən azad ediləcəyi nəzərdə tutulur.
Jalə Demokrat.az


