“Ermənistanın hələ də Rusiyanın orbitində olduğunu düşünürəm”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Əhəd Məmmədli deyib. Politoloq qeyd edib ki, Paşinyan Qərb projesidir.
“Bilirik ki, Paşinyan inqilab yoluyla hakimiyyətə gəlib və Rusiyanın təsirindən çıxmaq istəyir. Amma, Rusiyanın təsirindən çıxmaq elə də asan deyil. Ermənistan bütün iqtisadiyyatı adi Rusiyanın “Qazprom” şirkətindən asılıdır, Rusiya dövlətini demirəm. Həmçinin, Cənubi Qafqazda Rusiyanın ən böyük hərbi bazası Gümrüdədir. Ermənistanın özü də çox güclü “5-ci kolon” var. Qarabağ erməniləri, Ermənistanda 20 ilə yaxın hakimiyyətdə olan rusyönümlü “Qarabağ klanı”. Bunlar hamısı da Rusiyanın oradakı gücündən və təzyiqindən, təsirindən xəbər verir. Paşinyan da reallığı bilən siyasətçidir. Paşinyan bilir ki, Ermənistan Rusiyaya tam rədd cavabı versə, bu, Ermənistan dövlət üçün fəlakətlə nəticələnər. Hələ üstəlik Rusiyada olan güclü erməni diasporunu da biz unutmamalıyıq”.
Politoloq əlavə edib ki, Cənubi Qafqazda İkinci Qarabağ müharibəsindən sonra vəziyyət dəyişib:
“Bu dəyişiklik Azərbaycanın xeyrinədir. Sadəcə olaraq, Qərblə Rusiya arasında Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına dair bir rəqabət var. Brüsselə səfər edilən kimi, yenidən Moskvaya səfərlər olur. Ümumiyyətlə, bu, rəqabətdir. Putin çalışacaq ki, adı tarixə düşsün və sülh müqaviləsi imzalasın. Çünki Qarabağ münaqişəsi postsovet məkanın ən qədim münaqişəsidir. Necə ki, vaxtilə Yuqaslaviya müharibəsindən sonra razılaşma oldu və ABŞ prezidenti Bill Klintonun rəhbərliyi sülh müqaviləsi imzaladı. Bununla da, Bill Klinton özünün adını tarixə yazdırdı. Eləcə də, Putin çalışır ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi olsa, bu, Rusiyanın təmsilçiliyi ilə olsun. Bununla da, Putin həm tarixə düşəcək, həm də Rusiya-Ukrayna müharibəsi dönəmində Putinə sülhməramlı imic də lazımdır. Bütün bunlar da Putinin xeyrinə olacaq. Düzdür, Putin çalışacaq ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalansa belə, Rusiyanın təsirini Cənubi Qafqazda saxlasın. Bu necə olacaq? Bu gedişat nələrdən xəbər verəcək? Azərbaycanın əleyhinəmi olacaq? Fikrimcə, Rusiya və Qərb çalışır ki, maksimum sülh müqaviləsi ilə ermənilərə və Qarabağ ermənilərinə imkanlar yaratsın. Azərbaycan buna imkan verməməli və yenə status məsələsini qətiyyətlə rədd etməlidir. Çünki Azərbaycan unitar ölkədir və heç bir milli azlığa xüsusi bir ixtiyar verilməməlidir. Buna Qərb də, Rusiya da çalışır. Bu məsələdə Qərb də Ermənistanın müttəfiqidir. Azərbaycan bunu unutmamalıdır. Buna uyğun da diplomatik masada addımlarını atmalıdır. Necə ki, hərbi meydanda addımlarını atdı və atır. Düşünürəm ki, lazım olsa davam etməlidir “.
Aynurə Demokrat.az


