“Fransanın sərgilədiyi mövqe Ermənistanı uçuruma aparır”.
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Yusif Bağırzadə Astanada keçirilən Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclası və həmin iclasda Prezident İlham Əliyevon çıxışını şərh edərkən deyib. O bildirib ki, son bir neçə müddətdir ki, Azərbaycan-Ermənistan münasibətləri beynəlxalq platformaların ən vacib mövzusuna çevrilib.
“Azərbaycanın iştirak etdiyi elə bir toplantı yoxdur ki, bu məsələ müzakirə predmetinə çevrilməsin. Astanada keçirilən Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclası da bu baxımdan ciddi bəyanatlarla yadda qaldı. Prezident İlham Əliyevin keçirilən toplantıdakı çıxışı özündə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində real vəziyyətlə yanaşı həm də olduqca mühüm mesajları da ehtiva etdi. Çıxışdakı vacib məqamlardan biri ATƏT-in Minsk Qrupu və onun 28 illik fəaliyyətinə verilən qiymət idi. Prezident növbəti dəfə açıq mətnlə bildirdi ki, Minsk Qrupunun bu illər ərzindəki fəaliyyəti sıfıra bərabər olub və onların məqsədi münaqişənin nizamlanması yox, onun dondurulmasından ibarət olub. Həqiqətən də Azərbaycan cəmiyyəti keçən dövr ərzində Minsk Qrupunun cinayətkar fəaliyyətsizliyindən çox əziyyət çəkib. BMT Təhlükəsizlik Şurasının məlum Qətnamələrini qəbul edən ölkələrin həmsədrliyi ilə aparılan danışıqlar dövrü ərzində münaqişənin nizamlanması istiqamətində heç bir irəliləyişə nail olunmayıb, Ermənistanın işğal edilmiş ərazilərdən çıxması üçün o dövlətə təzyiq edilməyib”.
“Nəticədə keçən illə ərzində çoxlu sayda əsgər və zabitlərimiz, eləcə də mülki vətəndaşlarımız həyatlarını itiriblər, işğal altında olan ərazilərimiz vandalcasına dağıdılıb, talan edilib, xarabazara çevrilib. Odur ki, bütün bunların günahı təkcə Ermənistan deyil, həm də bu 28 illik dövr ərzində təcavüzkara qarşı konkret addımlar atmayan ATƏT Minsk Qrupunun həmsədr ölkələridir. Nəticədə Azərbaycan beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə, o cümlədən hər bir ölkənin özünümüdafiə hüququna malik olmasını nəzərdə tutan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq münaqişəni özü həll edib. Prezidentin hər toplantıda Minsk Qrupunun fəaliyyətsizliyinə diqqət ayırması isə birbaşa üç həmsədr ölkəyə ünvanlanmış mesaj kimi də qəbul oluna bilər.
“Prezdientin digər bir bəyanatı minalanmış ərazilərlə bağlı oldu. Mina terrorunun davam etdiyini deyən prezident İkinci Qarabağ müharibəsi başa çatandan sonra Azərbaycanın 250-dən çox vətəndaşının minaların partlaması nəticəsində həlak olması və yaralanması ilə bağlı məlumat verdi. Prezidentin təkcə Laçında piyada əleyhinə 1400 minanın aşkarlanması haqdı məlumatı və həmin minaların 2021-ci ildə Laçın rayonu ilə sərhəd ərazidə basdırılmasını qeyd etməsi isə Ermənistan tərəfindən insanlıq əleyhinə cinayətlərin davam etməsinin ən bariz sübutudur. Belə ki, bu minalar faktiki olaraq müharibənin başa çatmasından sonra, Laçın dəhlizinə alternativ yolun istifadəyə verilməsi ilə Laşın şəhərinin və ətraf kəndlərin boşaldılması ərəfəsində basdırılıb. Bu isə faktiki olaraq həmin ərazilərə nəzarətimizi bərpa edən əsgər və zabitlərimizlə yanaşı, orada bərpa-quruculuq işləri aparan mülki insanımızın da həyatını təhlükə altında qoymaq deməkdir”.
“Daha bir vacib məqam Prezidentin Praqa görüşü və onun nəticələri ilə bağlı verdiyi məlumat oldu. Görüşün nəticəsində Ermənistan-Azərbaycan sərhədi yaxınlığında Ermənistan ərazisinə Avropa İttifaqının mülki missiyasının göndərilməsi barədə qərar qəbul olunduğunu deyən prezident həmin missiyanın yalnız Ermənistan ərazisində fəaliyyət göstərəcəyini xüsusi olaraq qeyd etdi və onu da əlavə etdi ki, məlum missiya faktiki olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) məsuliyyət zonasında yerləşəcək. Əslində Prezidentin bu bəyanatı Ermənistanın üzv olduğu KTMT –yə yox Aİ Müşahidə missiyasına üstünlük verdiyini və dolayısıyla etibarlı tərəfdaş və müttəfiq olmadığını ortaya qoydu. Başqa sözlə desək cənab Əliyev həm KTMT üzvlərinə, həm də MDB-nin dogər dövlət başçılarına Ermənistanın əsl simasını göstərmiş oldu”, - deyə politoloq əlavə edib.
Y.Bağırzadə daha sonra bunları əlavə edib: 
“Makronu bu cür sərsəm açıqlamala məcbur edən ən mühüm amil isə onun Praqa görüşündə faktiki olaraq Ermənistana verdiyi vədləri yerinə yetirə bilməməsi ilə bağlıdır. Ermənistana dəstək vəd edən Makron üçün Praqa görüşünün nəticələri ağır məğlubiyyət idi. O, erməni baş nazirə verdiyi vədlərin heç birisini yerinə yetirə bilmədi və Azərbaycan liderinin prinsipial mövqeyi qarşısında geri çəkilməli oldu. İndi isə həmin məğlubiyyəti bu cür absurd açıqlamalarla kompensasiya etməyə çalışır. Amma bir şeyi unudur ki, bu cür açıqlamalarla Azərbaycan təzyiq etmək mümkün deyil, əksinə Fransa tərəfindən sərgilənən bu mövqe müdafiət etdiyi Ermənistanı dərin uçuruma aparır. Belə ki, birincisi, bu cür açıqlamalarla Ermənistan təkcə Azərbaycanla deyil, həm də Rusiya ilə üz-üzə qalır, ikinci isə Makronun timsalında Fransanın dəstəyinə bel bağlayaraq Paşinyan üzərnə götürdüyü öhdəliklərin icrasından yayına biləcəyini düşünür ki, bu da Ermənstan üçün olduqca ağır nəticələrə səbəb ola bilər”.
“Elə cənab Prezident də öz çıxışında bu məqama toxunaraq Ermənistanın üçtərəli bəyanatla üzərinə götürdüyü öhdəlikləri, daha konkret desək Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına maneəsiz girişi təmin etmək, həmçinin Azərbaycan ərazisindəki erməni silahlı qüvvələrini çıxarmaqla bağlı öhdəlikləri icra etməyəcəyi halda adekvat tədbirlər görüləcəyini bildirdi. Prezidentin bu bəyanatı faktiki olaraq Laçın dəhlizinin bağlanmasına və eləcə də erməni hərbi birləşmələrinin çıxarılması üçün anti-terror əməliyyatlarının keçiriləcəyinə dair verilmiş xəbərdarlıq kimi də qəbul oluna bilər. Tamamilə əminəm ki, bu xəbərdarlıq təkcə Ermənistana deyil, həm də onları bataqlığa sürükləyən ayrı-ayrı dövlətlərə də ünvanlanmışdır”.
Aynurə Pənahqızı Demokrat.az


