“Media insanların psixologiyasına aktiv bir şəkildə təsir göstərməkdədir”.
Bunu Demokrat.az-a açıqlamasında psixoloq, CBT terapist, Beynəlxalq Klinik Psixologiya və Psixoterapiya Assosiasiyasının üzvü Fuad Əsədov deyib. Psixoloq bu tendensiyanın xüsusilə intihar mövzusunda daha aydın göründüyünü vurğulayıb:
“Hətta, psixologiyada bunun adı var: “Verter fenomeni”. Alman yazıçısı Hötenin "Gənc Verterin iztirabları" kitabında baş obraz Verter əsərin sonunda intihar edir. Bu kitab çıxdıqdan sonra ölkədə intiharların sayında nəzərəçarpacaq artış müşahidə olunmuşdu. Eyni vəziyyət Türkiyədə "bu akşam ölürüm" mahnısından sonra da yaranmışdır. Bu baxımdan, bəli, medianın təsiri ilə intiharların sayı arta bilir”. 
F. Əsədov bu gün sosial şəbəkələrdə bir trend kimi intihar video və xəbərlərinin tirajlanmaqdığına diqqət çəkib:
“Bu cür paylaşımlar xüsusilə yeniyetmələr və erkən gənclik dövrü keçirən insanlara təsir edə bilir. Yeniyetmə və gənclərin beynində intihar bir çıxış yolu, onu incidənlərdən bir qisas yolu, bəzən də qəhrəmanca bir hərəkət kimi görünür. Onlar bundan çox asanlıqla təsirlənə bilirlər. Ona görə də, hər birimiz paylaşımlarda məsuliyyətli olmalıyıq. İntihar haqqında deyil, intiharın mənasız hərəkət olması ilə bağlı, gərəksiz olması ilə bağlı paylaşımlar etməliyik”.
Aynurə Pənahqızı Demokrat.az


