Gündəm Özəl

“ABŞ rəsmiləri yaxşı bilir ki, Azərbaycanın regiondakı çəkisi yüksək səviyyədədir”

“ABŞ rəsmiləri yaxşı bilir ki, Azərbaycanın regiondakı çəkisi yüksək səviyyədədir”

Ötən gün ABŞ-ın Dövlət katibi Entoni Blinken ABŞ Senatının Xarici Əlaqələr Komitəsindəki dinləmələrdə çıxış edərkən bildirib ki, ABŞ Qarabağda Azərbaycanla Ermənistan arasında problemin uzunmüddətli əsaslarla həllinin tərəfdarıdır və bununla bağlı birtərəfli addımların əleyhinədir. Onun sözlərinə görə, Vaşinqton bununla bağlı müxtəlif etimadın möhkəmləndirilməsi tədbirləri hazırlayır və təşviq edir.

Məsələyə münasibət bildirən BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov Demokrat.az-a açıqlamasında deyib ki, ABŞ-ın Qarabağ problemi və bu fonda Azərbaycan-Ermənistan münasibətlərində etimad mühitinin möhkəmləndirilməsi üçün zaman ayırması hesablanmış bir addımdır. Çünki problemin uzunmüddətli əsaslarla həll etmək istəyi, böyük ölçüdə regionun lider dövləti Azərbaycanın daha çox qərbyönlü siyasət yürütməsini təşviq etməyə hesablanıb:

“ABŞ rəsmiləri yaxşı bilirlər ki, Azərbaycanın regiondakı çəkisi yüksək səviyyədədir. Yəni, regionda heç bir məsələ Azərbaycanın razılığı olmadan öz həllini tapa bilməz və Azərbaycan regionda aktiv siyasət yürüdür və bütün ətraf ölkələrlə bərabərhüquqlu tərəfdaşlıq əlaqələrinə sahibdir. Ermənistan barəsində isə bunları demək olmaz. Ermənistan daha çox ətraf ölkələrin əlaltısı rolunda çıxış edir. Bu baxımdan ikitərəfli münasibətlərdə Azərbaycanın siyasi çəkisi fərqlidir. Azərbaycan Rusiya ilə də Qarabağ məsələsi və Azərbaycan-Ermənistan münasibətləri üzərində iş aparır. Hal-hazırda davam edən Rusiya-Ukrayna müharibəsi nəticəsində yaranan yeni dünya düzəni fonunda ABŞ-ın regiondakı aktivliyi tərəflərin mövqelərinin gələcək dəyişikliklərə hazırlanması xarakteri daşıyır. Bu məqsədlədir ki, ABŞ Azərbaycan və Ermənistan arasında qalıcı etimad mühitinin möhkəmləndirilməsini özünün əsas prioriteti hesab edir”. Politoloq əlavə edib ki, ABŞ-ı dünya düzəninə yön verən bir ölkə kimi hesab etmək olar:

“Yəni, öz addımlarını öncədən ölçüb-biçir. Bu baxımdan da, ABŞ-ın Azərbaycan və Ermənistan arasındakı münasibətlərdə müsbət irəliləyişlər əldə edə biləcəyi fikri tərəflərin bu münasibətlərdə nə qədər səmimi olmasından asılı olacaq”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az