Kriminal

Bakıda ər başqa kişi ilə danışan arvadını evdən qovdu — Şok olay

Bakıda ər başqa kişi ilə danışan arvadını evdən qovdu — Şok olay

Bakının Xəzər rayonunda 1985-ci il təvəllüdlü Samir şəxsi münasibətlər zəminində arvadı Mehriyə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, istintaq orqanı tərəfindən Samirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Samir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Mehri ilə 2013-cü ildə rəsmi olaraq ailə qurub və faktiki nikahlarından iki azyaşlı uşaqları var: “Münasibətlərimiz həmişə yaxşı olub. Yaranmış münaqişələrin əsas səbəbi iki il öncə arvadım Mehrinin telefon ilə yazışmalarını tutduqdan sonra ona qarşı olan inamım azaldı. Bu barədə onunla dəfələrlə söhbət etdim, övladlarımın olmasını, yaşadığım məkanın kənd yerinin olmasını bildirdim, ona irad bildirdim”.

Təqsirləndirilən şəxs deyib ki, hadisə baş verən günü marketə getmək üçün evdən çıxıb, lakin bir neçə dəqiqə sonra yenidən evə qayıdıb: “Həyətə evin yaxınlığında olan giriş qapısından deyil, həyətyanı sahənin digər tərəfində olan qapıdan daxil oldum. Evin qarşısında oturaraq siqaret çəkdim. Həmin vaxt arvadımın səsini eşitdım. Danışıqlara qulaq asan zaman arvadımın başqa tərzdə kiminləsə danışmasını, mesajlaşma barədə danışdığını eşitdim. Evə daxil olan zaman arvadımdan kiminlə danışdığını soruşdum. Arvadım özünü itirərək “heç, heç, heç” cavabı verdi. Bu səbəbdən arvadımın telefonu alaraq açmağa cəhd etdim. Lakin telefon şifrəli oldu. Arvadımdan telefonun şifrəsini açmağı tələb etdim. Qarşılığında isə yüksək səslə və təkidlə telefonun şifrəsini açmayacağını dedi. Bu səbəbdən aramızda münaqişə baş verdi. Arvadımın saçından tutaraq evdən çıxardım. Eyvanda yumruq və şillə ilə baş nahiyəsinə bir neçə dəfə vurdum. Bundan əlavə bədəninin müxtəlif yerlərinə vuraraq onu evdən qovdum. Evimizin içərisindəki otaqda baş vermiş münaqişə cəmi bir neçə dəqiqə davam etdi. Həmin vaxt evdə özümüzdən başqa heç kim olmayıb”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Mehri bildirib ki, əri Samir mütəmadi olaraq onu əxlaqsızlıqla şərləyib, evdə münaqişələr yaradıb, onu incidib, təhqir edib: “Lakin heç vaxt polisə şikayət etməmişəm. Maddi vəziyyətimiz kafi olduğundan və Samir işləmədiyindən özüm iş axtarmağa başladım”.

Zərərçəkmiş şəxsin sözlərinə görə, sonuncu dəfə hadisə baş verən günü yaranmış münaqişənin səbəbi isə onun sosial müdafiə fondunun əməkdaşı ilə danışaraq tələb olunan sənədlərin siyahısını öyrənməsi olub: “Bu zaman Samir olduğum otağa daxil oldu, telefonu əlimdən aldı. Kiminlə danışdığımı məndən soruşdum. Ona cavab olaraq “heç, heç, heç” cavabı verdim. Samir saçımdan tutaraq məni evdən çıxardı. Eyvanda yumruq və şillə ilə baş nahiyəmə bir neçə dəfə vurdu. Bundan əlavə, bədənimin müxtəlif yerlərinə vuraraq məni evdən qovdu. Bu səbəbdən uşaqlarımı götürərək atamın evinə getdim. Baş vermiş hadisə ilə bağlı “102” xidmətinə məlumat verdim”.

Xəzər rayon Məhkəməsində işə baxan hakim təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmişin ondan şikayətçi olmamasını nəzərə alıb.

Bu səbəbdən Samirin barəsində olan cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az