Kriminal

Sumqayıtda arvadını döyən kişi amnistiyaya düşdü — Hökm

Sumqayıtda arvadını döyən kişi amnistiyaya düşdü — Hökm

Sumqayıt şəhərində 1976-cı il təvəllüdlü İslam ailə münaqişəsi zəminində həyat yoladaşı Fərqanəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 20 oktyabr 2021-ci ildə baş verib. İslam həmin gün saat 19 radələrində yaşadığı mənzildə həyat yoldaşı Fərqanə ilə mübahisə edib. Mübahisə zamanı arvadını döyərək, ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

İstintaq orqanı tərəfindən İslamın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İslam ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, oktyabrın 20-də yaşadığı evə gəlib: “Mətbəxdə arvadımın qaza yuxarı təzyiq verərək yandırdığını gördüm. Mən də qazı söndürdüm. Həyat yoldaşım bu səbəbdən ünvanıma nalayiq ifadələr işlətdi. Məndən nə üçün qazı söndürdüyümü soruşdu. Mən də dəm qazının otaqlara daxil olduğu üçün söndürdüyümü bildirdim. Həyat yoldaşımdan nəyə görə ünvanıma nalayiq ifadələr işlətdiyini soruşdum. Yenidən ünvanıma nalayiq ifadələr işlətdi. Mən də əsəbləşdiyim üçün həyat yoldaşıma yaxınlaşaraq onun üz nahiyyəsinə yumruqla bir neçə dəfə vurdum. Onun burnundan qan gəldiyini gördüm, sakitləşdim. Həmin vaxt həyat yoldaşım özünü müdafiə etmək istədiyi üçün onun başına yumruqla zərbə vurdum. Əməlimdən peşmanam”.

Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə İslamın barəsində Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 5 noyabr 2021-ci il tarixli Qərarının 1.16-cı və 9.1-ci bəndləri tətbiq edilib. O, cinayət məsuliyyətindən azad edilib və barəsində olan iş üzrə icraata xitam verilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az