Samux rayonunda 1976-cı il təvəllüdlü Coşqun ferma sahibi, 1990-cı il təvəllüdlü Bəhruzu (adlar şərti verilib – red.) qətlə yetirib
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Coşqun Bəhruzun Samux rayonu, Qarabağlar kəndinin ərazisində yerləşən fermasında ona məxsus heyvanlara çoban qismində baxması müqabilində hesablanmış əmək haqqının vaxtında və tam verməməsi, həmçinin qardaşı Samirin arvadı Məlahət barəsində yanlış, xoşagəlməz məlumatlar yayması səbəbindən əvvəlcədən aralarında yaranmış qərəzli şəxsi münasibətlər zəminində onu öldürmək qərarına gəlib.
Coşqun bu cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə 29 iyul 2021-ci ildə, təqribən saat 22.45-də Bəhruzun icarə əsasında işlətdiyi n fermada olduğunu bilib. O, həmin fermaya gəlib və fermanın istirahət otağında çarpayıda uzanmış vəziyyətdə olan Bəhruza heç bir söz demədən hücum edib, bıçaqla ona çoxsaylı xəsarətlər yetirib. Bəhruz aldığı xəsarətlərdən dünyasını dəyişib.
İstintaq orqanı tərəfindən Coşqunun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Coşqun ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, Bəhruzu 2021-ci ilin fevralından onun əmisi Mədətin vasitəsilə tanıyıb: Mədət işsiz olduğum üçün Bəhruzun işlətdiyi fermaya gətirdi. Bəhruz ilə fermada aylıq ödənişi öz aramızda danışaraq razılaşdıqan sonra çoban kimi fəaliyyətə başladım. Əvvəlcə aramızda hər şey normal olsa da, sonradan aramızda ödənişlə bağlı problemlər yaranmağa başladı. Hətta Bəhruzun vasitəsilə qardaşım Samirin evinə ət göndərdikdən sonra onun qardaşım arvadı Məlahətin dayısı oğlu Elmarın sürücülük etməsini bildirdi, yəni Məlahətin yüngül həyat tərzi keçirən qadın olmasını bildirdi, bu fikirləri ilə məni aşağıladı. Mən isə Bəhruza üç gün vaxt verdim, dediyi sözü sübut etməsini, sübut edə bilməyəcəyi təqdirdə isə onu ölürəcəyimi bildirdim. Bəhruz isə gülərək sübut edəcəyini söylədi. Bu səbəbdən, eləcə də ödənişlə bağlı aramızda ciddi narazılıq yarandı. İyul ayının sonuna yaxın günlərdə Bəhruz məni fermadan kənarlaşdırdı, yerimə Vidadi adlı oğlanı gətirdi”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, iyulun 29-da fermanın yanında qonşuluqda yaşayan Ramidlə onun evində yeyib içdikdən sonra gecə saatlarıda Bəhruzun fermada olmasını yəqin edib, onunla aralarında olan narazılıqlara son qoymaq məqsədilə yanına gedib: “Fermanın istirahət otağına girərkən Bəhruzun çarpayıya uzanmasını gördüm. Bəhruz isə məni görən kimi çarpayıdan ayağa qalxdı, aramızda əlbəyaxa dava başladı. Sonra Bəhruz əlindəki bellə məni vurdu. Bundan sonra özümdə gəzdirdiyim bıçaqla Bəhruzun bədəninin müxtəlif nahiyələrinə vurdum, onu yaraladıqdan sonra isə fermadan çıxdım və Gəncə şəhərinə getdim”.
Coşqun bildirib ki, həmin gün Gəncə şəhərində gecələyib: “Səhəri gün isə polis işçilərinin məni axtarmasını bilidim, polisə təslim oludum. Cinayət hadisəsində istifadə etdiyim bıçağı və hadisə zamanı əynimdə olmuş paltarları polisə təqdim etdim”.
Coşqunun ifadəsinə görə, həmçinin həmin gün qardaşı arvadına zəng edib, Bəhruzun onun barəsində nəlayiq sözlər ifadə etməsinə görə onu öldürməsini bildirib. O, ifadəsinin sonunda əməlindən səmimi peşman olduğunu deyib.
Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadə verən Xumarın sözlərinə görə, əri, mərhum Bəhruz ilə 2012-ci ildə ailə həyatı qurub: “Bəhruz 2020-ci ildən ailə dostları olan Valehin vasitəsilə Qarabağlar kəndinin ərazisində şərikli ferma işlətməyə başlayıb. Bəhruzun əvvəllər fermada işi yaxşı getsə də, sonradan fermaya Coşqun adlı şəxsin gəlişindən sonra vəziyyət dəyişdi. Coşqun heyvanların ölməsi barədə Bəhruza məlumat versə də, dərilərini ona göstərməyib. Bu səbəbdən Bəhruzun Coşqunla münasibətlərində gərginlik yarandı. Hətta hadisədən bir neçə gün öncə dalaşdılar. Buna görə Bəhruz Coşqunu kənarlaşdırdı və Valeh adlı şəxsi çoban kimi fermaya gətirdi.
Hüquqi varisin bildirdiyinə görə, iyulun 29-da, saat 11 radələrində Valeh Bəhruza zəng edib: “Valeh telefonda Bəhruza nə isə dedi. Bəhruza cavabında ona “mən də heç onu görmək istəmirəm, gəlirəm” deyərək telefonu söndürdü. Sonra Bəhruz fermaya getdi. Saat 17 radələrində evə gəldi. Evə gələrkən fermaya gedəcəyini bildirdi, yemək yedi, evdən çıxdı. Gecə saatlarında Bəhruzun dostu bizə gəldi və Coşqunun Bəhruzu bıçaqladığını bildirdir. Buna görə anam ilə xəstəxanaya getdik. Orada Bəhruzun artıq həyatda olmadığını gördük. Bəhruzun “Elmar” adlı dayısı oğlunu tanısam da, onun “Məlahət” adlı xanımla nə kimi əlaqəsi olmasını bilməmişəm. Bu barədə Bəhruz sağlığında evimizdə heç nə deməyib”.
Hüquqi varis ifadəsinin sonunda təqsirləndirilən şəxsdən şikayətci olduğunu bildirib.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Coşqun 12 il müddətinə azadlıqdan məhrum edilib.
Fariz Məlikli Demokrat.az


