İctimai fikir tariximizdə azərbaycançılıq ideyası

MƏDƏNİYYƏT 08 yan 2022, 17:36
Azərbaycançılıq xalqımızın mənəvi keyfiyyətlər məcmusunu təşkil edir ki, bu da zaman-zaman cəmiyyətin məişət həyatı, sosial mühiti və ictimai psixologiyası əsasında formalaşmışdır. Mənəvi keyfiyyətlər Azərbaycan xalqının, Azərbaycan millətinin, eləcə də respublikamızda yaşayan etnik qrupların şəxsiyyət aləmini müəyyən edir.

Hər bir mənəvi aləmin arxasında milli psixologiya və milli şüur dayanır. Milli şüur milli vətənpərvərliyin, milli qürurun, milli-mənəvi dəyərlərin, milli adət-ənənələrin, milli əxlaqi keyfiyyətlərin birgə inteqrasiyasının məhsuludur.

Azərbaycançılıq ideyası ölkəmizdə ictimai fikir meydanına XIX əsrin ikinci yarısından gəlib. Bununla belə, XII əsrdə yaşamış dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərləri azərbaycançılıq ideologiyasının formalaşmasında böyük imkanlara malikdir. Nizami, əsərlərində doğma yurdu Gəncəni müqəddəs məkan kimi təsvir edir. Şairdə vətənə bağlılıq təkcə doğulduğu, böyüdüyü, tərbiyə aldığı Gəncə ilə məhdudlaşmır. Şair əsərlərində Azərbaycanın hansı bir guşəsinin adını çəkirsə, o yeri böyük şövqlə, həvəslə tərənnüm edir, təbiətinin, yerinin necəliyindən asılı olmayaraq oranı cənnət misallı bir ərazi kimi qələmə verir. Bu torpaqların bolluq, bərəkət, firavanlıq və zənginlik məkanı olduğunu sevgi ilə canlandırır. Məsələn, «Xosrov və Şirin» əsərində Xosrov, əmin-amanlıq yeri, sakitlik, dinclik məkanı kimi Nizaminin vətəni Azərbaycanda özünə sığınacaq tapır. Şairin əsərlərində Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Bərdənin, Şəki, Muğan, Aran kimi yaşayış məskənlərinin adı xüsusi rəğbətlə çəkilir. 

Ədəbiyyatda azərbaycançılıq XVIII əsrdə Vaqifin timsalında daha yüksək mövqeyə çatmışdı. Vaqifin şeirə gətirdiyi sadəlik, realizm, xəlqilik, ərəb-fars təsirindən uzaq­laşmaq ciddi dəyişikliklərdən xəbər verirdi. Onun "Hayıf ki, yoxdur!" şeirində konkret Azərbaycan coğrafiyası tərənnüm edilirdi. 

Azərbaycançılıq ideyası XIX əsrin II yarısında daha da güclənir. XIX əsrin əvvəllərində Azərbaycan torpaqlarının iki yerə parçalanması, xanlıqların ləğv edilməsi, Şimali Azərbaycan torpaqlarının Rusiya imperiyasının tərkibinə qatılması, çarizmin Qafqazda möhkəmlənməsi, yerli xalqa edilən zülm və əsarət narazılıqlara səbəb olur. Bu narazılıqlar amansızlıqla yatırılırdı.

Hələ 19-cu əsrdə ölkədə təhsilin səviyyəsinin aşağı olması, məktəblərin sayının azlığı əhalinin böyük əksəriyyətinin savadsız olmasına gətirib çıxarmışdı. O dövrün A.Bakıxanov, M.Ş.Vazeh, M.F.Axundov H.Zərdabi kimi qabaqcıl ziyalıları maarifçilik hərəkatına qoşulurlar. Onlar təhsilin ərəb, fars, rus dilində deyil, ana dilində olmasını tələb edirdilər. Artıq XIX əsrin II yarısında xalq öz vəsaiti ilə ayrı-ayrı bölgələrdə ibtidai məktəblər açmağa başlayır. Belə məktəblərin böyük təntənə ilə açılışı olurdu. Bununla kifayətlənməyən maarifçilər xalqın milli şüurunu oyatmaq, zülmə, müstəmləkəçiliyə qarşı mübarizəyə qaldırmaq üçün milli mətbuat, milli teatr, mətbəə yaratmaq üçün səylə çalışırdılar.

«Çar mündirinin altında öz xalqı, milləti üçün döyünən ürək» gəzdirən Mirzə Fətəli Axundov Azərbaycan ədəbiyyatında realist dramaturgiyanın və realist nəsrin əsasını qoydu. O, farsca yazmaqdan əl çəkərək şirin bir ləhcə ilə 1850-1855-ci illər arasında yazdığı 6 məşhur komediyası və 1857-ci ildə qələmə aldığı «Aldanmış kəvakib» povesti ilə ədəbiyyatımızda böyük dönüş yaratdı. Görkəmli maarifçinin həmin əsərləri çap etdirib məktəblərə göndərməsi və bu barədə Qafqaz Təhsil Dairəsinə müraciət etməsi də Azərbaycan dilinin tədrisindəki çətinlikləri aradan qaldırmaq məqsədi güdürdü. Bu komediyaların əsasında 1873-cü ilin martında H.Zərdabinin rəhbərliyi ilə milli teatrın əsası qoyuldu. Bu da mədəniyyətimiz tarixində böyük dönüş idi.

M.F.Axundov bütün ömrü boyu ana dilinin saflaşması və onu yad təsirlərdən-ərəbizm və farsizmdən qorunması üçün var qüvvəsi ilə çalışmışdır. O, Azərbaycan tarixində birinci olaraq Azərbaycan dilinin orfoqrafiyasının canlı xalq dili əsasında qurulmasını, Azərbaycan dilində ərəb və fars dillərindən alınmış və xalqın canlı danışıq dilinə keçmiş sözlər tələffüz edildiyi kimi yazılmasını təklif edirdi. 

H.Zərdabi azərbaycançılıq ideyasını əlində rəhbər tutaraq ana dilində bir qəzet nəşr etmək fikrinə düşdü. Çar hökumətinin maneələrinə baxmayaraq, çətinliklə olsa da, Zərdabi məqsədinə nail oldu. 1875-ci ildə «Əkinçi» qəzeti nəşrə başladı. O dövrün ziyalısı bu hadisəni böyük sevinclə qarşıladı. «Əkinçi» qəzetində təbliğ edilən milli dirçəliş ideyaları çar hökumətini narazı saldı və qəzet 1877-ci ildə bağlandı.

XIX əsr ziyalılarının səyi, gərgin zəhməti nəticəsində əsrin sonlarında «Azərbaycan dili» və «Azərbaycan xalqı» anlayışlarının mətbuatda və ədəbiyyatda işlədilməsi ilə konkret olaraq azərbaycançılıq məfkurəsi formalaşmağa başlamışdı.

Böyük demokrat ədib Cəlil Məmmədquluzadə redaktoru olduğu «Molla Nəsrəddin» jurnalında qələm yoldaşları ilə birlikdə düz 25 il ana dilimizin saflaşması, xalqımızın milli-mənəvi özünüdərki uğrunda mübarizə aparmış, qadın hüquqsuzluğunu, avamlıq, cəhalət, nadanlığı tənqid etmiş, bunu yaradan səbəblər gah yumorik, gah da satirik şəkildə göstərilmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti qurulana qədər xalqımızın adı gah tatar, gah türk, gah müsəlman, ölkəmizin adı isə parçalara ayrılaraq Bakı quberniyası, Yelizavetpol quberniyası, İrəvan quberniyası adlanırdı. Mirzə Cəlil «Azərbaycan» məqaləsində buna qarşı çıxırdı. C.Məmmədquluzadənin «Anamın kitabı» dramı (1920) azərbaycançılıq ideyasının manifesti kimi meydana çıxmışdı. 

Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir Hacıbəyli, Nəriman Nərimanov, Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Cəfər Cabbarlı, Mirzə Bala Məmmədzadə və digər ziyalılarımızın apardığı milli-azadlıq və azərbaycançılıq idealı uğrunda mübarizəsi öz bəhrəsini verdi və nəticədə Azərbaycan Xalq Cümhuriyyəti quruldu. AXC 23 ay yaşasa da, bizim şanlı tariximiz və qürur mənbəyimizdir.

Sovet hakimiyyəti illərində azərbaycançılıq vətənpərvərlik adı ilə yaşadılmışdır. 1937-ci il repressiyası zamanı millətini, xalqını, dilini məhəbbətlə sevən M.Müşfiq, Ə.Cavad, Y.V.Çəmənzəminli, H.Cavid kimi yüzlərlə ziyalılarımız pantürkist, panislamist, millətçi damğaları ilə güllələnmişdir.

S.Vurğunun «Azərbaycan» şeiri azərbaycançılıq ideyasının yaşadılması və xalqa aşılanması baxımından nə qədər böyük imkanlara malikdir.

Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin istiqlal məfkurəsində ana dili xüsusi səhifəni təşkil edir. Şair dilimizlə bağlı problemləri dilçiliyin hüdudlarından kənara çıxararaq psixlogiya, etnoqrafiya, sosiologiya, tarix və etika ilə bağlı məsələlərlə dialektik vəhdətdə götürmüş, ana dilinə xalqa məxsus olan bütün xarakterik xüsusiyyətlərin məcmusu kimi baxmışdır. Əhməd Şmidenin (Almaniya) təbirincə desək, bir insanın öz xalqını və doğma dilini dəlicəsinə sevə bilmək qabiliyyətini Vahabzadədən öyrənməlidir.

Dil elə bir sərvətdir ki, onu itirmək faciədir, dəhşətdir. Millətin dilini əlindən almaq onu ölümə məhkum etmək deməkdir. Görkəmli rus ədibi və pedaqoqu Uşinski demişdir: «Bir millətin varını, dövlətini, hətta vətənini əlindən alsan, ölüb itməz, amma dilini alsan, ondan bir nişan qalmaz».

Zamiq Hüseynli
Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 apr 2024, 09:22
Top