“Qazaxıstandan sonra digər Asiya ölkələrinə də müdaxilələr olacaq” — SENSASİON AÇIQLAMA

GÜNDƏM 08 yan 2022, 12:47
“Düşünmürəm ki, Rusiya məhz SSRİ-ni klassik formada olduğu kimi bərpa etmək istəyir. Amma təbii ki, Rusiya postsovet ölkələrini özünə tabe etmək, özündən asılı vəziyyətə salmaq və özünün maraq dairəsi kimi əlində saxlamaq siyasəti yürüdür”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında “Şərq-Qərb” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu bildirib. Politoloq qeyd edib ki, gələcəkdə hansısa bir şəkildə birlik yaradıla bilər: 



“Hesab edirəm ki, ya MDB, ya da Avrasiya İttifaqı çərçivəsində hansısa bir şəkildə birlik yarada bilərlər. Hər bir halda proses gedir və Qazaxıstan da bu prosesdə müəyyən bir mərhələdir. Mən düşünürəm ki, bunun hələ davamı olacaq və digər Asiya ölkələrinə də hansısa formada müdaxilələr olacaq. Gördüyümüz kimi, indiki müdaxilələrin çoxu  ordu yeritməklə həyata keçirilir. Ordu yeritməklə ölkələr nəzarətə, təsir altına götürülür, yəni bu, artıq real gücdən istifadədir. Real güc dedikdə isə təbii ki, ilk növbədə hərbi gücü nəzərdə tutulur. Hərbi güc dünyanın istənilən inkişaf mərhələsində, tarixi mərhələsində həlledici faktor olub və hazırda Rusiya da bundan çox aktiv şəkildə istifadə edir. Ukraynadakı, yaxud da indi Qazaxıstandakı prosesləri götürək, ondan əvvəl Rusiyanın başqa bölgələrə qoşun yerləşdirməsini götürək. Bütün bunlar hamısı ona işarədir ki, Rusiya bu ölkələri özündən asılı vəziyyətə salır. Əvvəllər o mexanizm etnik münaqişələr yaratmaq yoluyla həyata keçirilirdi, indi tamam başqa modellər, fərqli-fərqli modellər üzrə həyata keçirilməkdədir. Amma əsas məqsəd dediyim kimi, bu ölkələri öz təsir dairəsində, özündən asılı vəziyyətdə saxlamaqdır. Onların hansısa istər iqtisadi, istər siyasi, istərsə də hərbi-siyasi bloklara qoşulmasının qarşısını almaqdır, ilk növbədə NATO və Avropa Birliyinə”. 

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top