“Sosial şəbəkələr gələcəkdə uşaqlarda psixoloji problemlər yarada bilər” — XƏBƏRDARLIQ

SOSİAL 23 dek 2021, 19:44
“Sosial şəbəkələr dedikdə, hər kəsin istifadə etdiyi bir məkan ağıla gəlir. Belə ki, sosial şəbəkələr bizim fiziki həyatımızın virtual formasıdır. Bu şəbəkələrdən hər bir insan müxtəlif cür istifadə edir. Kimisi reklam, kimisi sadəcə gündəlik həyatın gedişini izləmək üçün. Bəziləri isə olub-bitənlərdən xəbərdar olmaq sosial şəbəkələrə daxil olurlar. Bura elə bir aləmdir ki, hər kəs öz fikrini, düşüncəsini yaza və paylaşa bilir. Amma, yaxşı məqsədlər üçün istifadə edən insanlardan fərqli olaraq pis niyyətli insanlar da  bu sosial şəbəkələrdən istifadə edirlər”.


Bu sözləri Demokrat.az-a açıqlamasında İT mütəxəssisi Pərvin Əsədov deyib. O qeyd edib ki,son günlər sosial şəbəkələrdə şiddətyönümlü paylaşım edənlərin, əxlaqsızlığı və narkotiki təbliğ edənlərin sayı artıb: “Təbii ki, bu tip paylaşımlar hüquq- mühafizə orqanları tərəfindən tapılaraq, sosial şəbəkələrdən silinir.  Cəmiyyətdə demək olar ki, hər şey virtullaşıb və rəqəmsallaşıb. Uşaqların sosial şəbəkələrdən istifadə etməsi halları geniş yayılıb. Bir mütəxəssis kimi azyaşlıların sosial şəbəkələrdən istifadəsinin əleyhinəyəm. Sosial şəbəkələr gələcəkdə uşaqlara psixoloji problemlər yarada bilər.


Ümumiyyətlə, uşaqları nəinki sosial şəbəkələrdən, hətta virtual dünyadan nə qədər uzaq tutsaq, bir o qədər yaxşıdır. Çünki biz istəmədiyimiz halda onlar qeyri-etik saytlara girirlər və şiddətyönümlü oyunlar oynayırlar. Buna görə də valideynlər bu mövzuda həssas davransalar, daha yaxşı olar. Uşaq hər ağlayanda telefonu ona verib sakitləşdirmək olmaz, başqa bir yol tapsalar yaxşı olar. Çünki 5-6 yaşlarında uşaqların video oyunlar oynaması, yaxud da ki, telefondan və kompyuterdən çox istifadəsi gələcəkdə həmin uşaqlarda diqqətsizlik, əsəb pozğunluğu kimi xəstəliklərin yaranmasına gətirib çıxarda bilər”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top