Müəllim hazırlığında dəyişiklik — Regionlara diqqət artırılır

CƏMİYYƏT 16 sentyabr 2026, 12:00
Müəllimlik ixtisaslarına qəbul planının azaldılması ilə bağlı Elm və təhsil naziri Emin Əmrullayevin açıqlaması təhsil ictimaiyyətində müzakirələrə səbəb olub. Qərarın əsas məqsədinin müəllim hazırlığının keyfiyyətini artırmaq olduğu bildirilsə də, qəbul yerlərinin azaldılmasının gələcəkdə məktəblərin müəllim təminatına necə təsir edəcəyi sual doğurur.

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında təhsil eksperti Afərim Seyidova bildirib ki, bu mövzu bizim ən həssas məsələlərimizdən biridir.



Onun sözlərinə görə, hazırda MİQ imtahanlarında müəllimlər əziyyət çəkirlər:

“Yəni vakansiya azdır, amma müxtəlif universitetlərdən, istər bölgələrdən, istər Bakıdan, istərsə də özəl universitetlərdən müəllimlik ixtisası üzrə xeyli sayda məzun olur.

Burada birinci problem ondan ibarətdir ki, bu qədər müəllim MİQ (Müəllimlərin İşə Qəbulu) imtahanında uğur qazana bilirmi? Və yaxud uğur qazandıqdan sonra özlərinə iş yeri, vakant yerlər tapa bilirlərmi? Xeyr, təmin oluna bilmirlər.

Bunun əsas problemlərindən biri universitetlərdə pedaqoji profilli ixtisasların həddən artıq çox olmasıdır. İkincisi isə müəllimlərin sayından daha çox onların qeyri-bərabər bölgüsüdür.

Məsələn, müəllimlərin əksəriyyəti daha çox şəhər ərazisində işləmək istəyir. Tutaq ki, hər hansı bir bölgədən gəlib Bakıda, məsələn, Pedaqoji Universitetdə oxuyur və burada yerləşib işləmək istəyir, bölgəyə getmək istəmir.

Əgər bütün müəllimlər regionlar üzrə, yəni hər kəs öz regionuna uyğun yerlərlə təmin olunsa, iş yeri seçsə və həmin ərazidə işləməyə başlasa, onda müəllim bolluğu bu qədər gözə çarpmaz.

Məsələn, bir çox bölgələrdə kadr çatışmazlığı var. Ona görə də müəllimlər ehtiyac olan yerlərdə yerləşdirilsə, hətta bu, müəyyən hallarda məcburi qaydada olsa, artıq belə problemlər aradan qalxa bilər”.

Afərim Seyidova əlavə edib ki, digər məsələ isə müəllimlik ixtisaslarına qəbulun azaldılmasıdır:

“Bu, əslində, məqsədəuyğundur. Çünki burada məqsəd çoxlu sayda pedaqoq hazırlamaq deyil, keyfiyyətli müəllim kütləsi, müəllim ordusu formalaşdırmaqdır.

Tutaq ki, hər hansı bir abituriyentin arzusu müəllim olmaq deyil, amma sadəcə olaraq balı müəllimlik ixtisasına çatıb və ya kiminsə təzyiqi ilə həmin ixtisasa qəbul olub. Burada müəyyən yeniliklər olmalıdır.

Məsələn, əvvəllər belə bir qəbul sistemi var idi ki, bir şəxs tarix müəllimi olmaq istəyirsə və yaxud Azərbaycan dili və ədəbiyyatı üzrə pedaqoji yönümlü ixtisasa qəbul olmaq istəyirsə, həmin ixtisas üzrə müəyyən bal limiti tətbiq olunurdu. Abituriyent həmin ixtisasa qəbul olmaq üçün müəyyən qədər bal toplamalı idi.

Belə tələblər də olmalıdır ki, təsadüfi insanlar pedaqoji yönümlü ixtisasları seçməsinlər. Bu sahəyə marağı olmayan və gələcəkdə həmin sahə üzrə əmək bazarında uğurlu nəticə verməyəcək insanların müəllim ordusuna daxil olmasının qarşısı alınmalıdır. Ölkəyə keyfiyyətli müəllim ordusu və keyfiyyətli pedaqoji hazırlıq lazımdır.

Bundan əlavə, plan yerləri azaldılır. Universitetlər də bildirirlər ki, plan yerlərinin sayı azaldılır və bu, məktəblərin gələcək müəllim ehtiyacı ilə uyğunlaşdırılmalıdır. Yəni məktəblərin sayı, yeni məktəblərin və liseylərin açılması, özəl məktəblərin vəziyyəti nəzərə alınmalıdır. Özəl məktəblər və özəl universitetlər isə tamamilə fərqli imtahan formatı ilə işə qəbul edirlər.

Burada gələcək müəllim ehtiyacı proqnozlaşdırılmalıdır. Həm də plan yerləri azaldılarkən bu amil nəzərə alınmalıdır. Çünki bu gün universitetə qəbul olan tələbə bir neçə ildən sonra əmək bazarına daxil olur. O, bir ildən sonra müəllim kimi əmək bazarına çıxmır. Dörd il, hətta bəzi hallarda magistratura təhsili ilə birlikdə daha uzun müddət çəkə bilər.

Burada şagirdlərin sayı, məktəblərin sayı, təqaüdə çıxacaq müəllimlərin sayı və bu sahədə baş verəcək dəyişikliklər proqnozlaşdırılmalıdır. Buna uyğun olaraq pedaqoji yönümlü ixtisaslar üzrə qəbul yerlərinin sayı müəyyənləşdirilməlidir.

Çox düzgün qərarlardan biri də budur ki, adında “müəllim” olmayan, qeyri-pedaqoji profilli, məsələn, tarix və filologiya ixtisaslarını bitirən şəxslər artıq MİQ imtahanına buraxılmırlar. Çünki onlar da vakant yerləri seçə bilirdilər və bu, sırf pedaqoji yönümlü ixtisas seçən tələbələrin vakant yerlərə qəbul imkanlarını məhdudlaşdırırdı.

Düşünürəm ki, bu, müəllim çatışmazlığına səbəb olmayacaq. Hər halda hazırda universitetlərdə müxtəlif fənlər üzrə müəllimlik ixtisaslarının plan yerləri azaldılsa da, bu, keyfiyyətin yüksəldilməsinə kömək edər. 

Eyni zamanda müəllim nüfuzunun yüksəldilməsinə də təsir göstərə bilər.

Düşünürəm ki, müəllim azlığı və müəyyən bir sahə üzrə kadrların sayının azalması həmin sahədə keyfiyyətin, eləcə də bu peşəyə olan hörmətin və nüfuzun artmasına kömək edə bilər”, - deyə Afərim Seyidova bildirib.

Nuray Paşşanlı

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

16 sentyabr 2026, 12:55
Top