"Bütün tarixi faktlar Qafqaz Albaniyasının Azərbaycan ərazisində mövcudluğunu sübut edir"

SİYASƏT 16 sentyabr 2026, 12:10

“İllər ərzində Ermənistan Azərbaycanın torpaqlarını işğal etməklə kifayətlənmədi. Bölgədən azərbaycanlılara məxsus ən xırda izi belə məhv etmək yolunu tutdular. Bu istiqamətdə tarixin saxtalaşdırılması, Qafqaz Albaniyasının öz adlarına çıxılması, ermənilərin guya regionun yerli xalqı olması haqqında uydurma və qondarma təsvirlər yaratmağa çalışıldı”.


Bu sözləri siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Demokrat.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan artıq hər şeyi və hər kəsi öz adı ilə çağırır:

“Bu istiqamətdə, şübhəsiz ki, tarix boyu ermənilərə dəstək olmasaydı, heç bir halda bu cür əməllər edə bilməzdilər. Çünki onların buna nə mənəvi, nə tarixi haqqı var idi, nə də bölgənin yerli xalqları idilər. Bu istiqamətdə Çar Rusiyası əlindən gələn hər şeyi etdi ki, ermənilər öz məqsədlərinə nail olsunlar. 1836-cı ildə Alban kilsəsinin ləğv edilməsi, sonrasında ermənilərin saxtalaşdırma siyasətini davam etdirməsi böyük dəstək hesabına baş tuturdu. Bütün tarixi faktlar Qafqaz Albaniyasının Azərbaycan ərazisində mövcudluğunu sübut edir. Həmin bu dövlətin Hayastan kimi təqdim edilməsinə və qəbul edilməsinə dair bir dənə olsun belə əsaslı fakt mövcud deyil. Hətta Alban əlifbasının özü də 1938-ci ildə Mingəçevir yaxınlığında aparılan qazıntılar zamanı tapılıb. Yenə də söhbət Azərbaycanın ərazisindən gedir. O dövlət ki, Ermənistan özü onun ərazi bütövlüyünü və suverenliyini tanıyıb. Azərbaycanlılar bu gün həm də Alban mədəni irsinin davamçılarıdır. Bu istiqamətdə Azərbaycan tarixi və mədəni irsinə hər zaman sahib çıxan bir xalq kimi, dinlərarası və xalqlararası tolerantlığı qoruyan, hətta təbliğ edən bir xalq kimi heç bir halda tarixin saxtalaşdırılmasına yol verməyib. Bu gün isə biz ermənilərin Qarabağda Alban dini məbədi irsini silərək tarixi abidələrə saxta yazılar yazmasını bütün dünyaya göstəririk. Gəncəsər məbədində, kilsənin fasadında, hətta monastır kompleksinin xarici divarındakı yazıların dəyişdirildiyini əyani formada dünyaya təqdim edirik”.

Şəbnəm Həsənova vurğulayıb ki, ermənilər bölgədən tarixi silmək, məhv etmək üçün tarixi irsə zidd olan zərərli addımlar atıblar:

“Bunlardan biri Xudavəng monastırında Həsən Cəlal nəslinə mənsub hökmdarların izlərinin silinməsi olub. Belə ki, onların təsviri olan nadir freskalar, Alban irsini sübut edən rəmzlər və naxışlar bilərəkdən məhv edilib. Hətta Azərbaycan 2023-cü ilin sentyabrında monastırdan çıxan erməni keşişlər müqəddəs Dadinin qalıqlarını da oğurlayaraq özləri ilə aparıblar. İki ölkə arasında sülh prosesinə şahidik. Bu istiqamətdə əldə edilən konkret nəticələr var. Lakin bir tərəfdə erməni revanşistləri, digər tərəfdə elə Ermənistanın mövcud hakimiyyəti əldə edilən nəticələri pozmağa, tarixi saxtalaşdırmağa və Azərbaycana beynəlxalq səviyyədə təzyiqi gücləndirməyə çalışırlar. Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarını qəbul edərkən, tarixi proseslərə də, mövcud duruma da, ermənilərə dəstək olanların həqiqi simasına da müfəssəl formada toxundu. Bu istiqamətdə Azərbaycanın atacağı addımlar haqqında geniş vizyon təqdim etdi.

Beynəlxalq konfransın iştirakçıları Ağdam, Xankəndi, Xocalı və Şuşa şəhərlərində olacaqlar. Bir daha beynəlxalq aləmə tarixi həqiqətlər təqdim ediləcək. Bir tərəfdə tarixi həqiqətlər, digər tərəfdə isə Qarabağın yeni siması. Məhz bu reallıq kontekstində beynəlxalq ictimaiyyət nümayəndələri Ermənistanla Azərbaycanın fərqli simasını bir daha görmüş olacaqlar”.

Fidan Hacızadə

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

16 sentyabr 2026, 12:55
Top