"Onlar düşünmür ki, üzərində dövlət emblemli maska və corabların aqibəti necə olacaq?

GÜNDƏM 06 dek 2021, 23:33
Azərbaycanda II Qarabağ mühribəsi şəhidlərinin simvolu hesab edilən "Xarıbülbül"ün corabların üzərinə vurulması, eyni zamanda gündəlik istifadə edilən maskaların üzərində dövlət atributları, bayrağımızın əks olunması sosial şəbəkələrdə qınağa səbəb olub.
 
Sosial şəbəkə istifadəçiləri bildirib ki, sözügedən simgəni şəhid anaları və digər vətəndaşlar sinələrinin üzərində gəzdirir. Belə ki, onun ayaq geyiminin üzərinə vurulması düzgün hesab edilməyib. Üzərində bayraq emblemamızın əks olunduğu maskaların isə istifadədən sonra ayaq altına atılması şəhidlərimizə qarşı hörmətsizlikdir. 

Mövzu ilə bağlı Moderator.az-a danışan əməkdar artist Tahir İmanov bu məsələlərin qanunvericilikdə öz əksini tapılmasını vacib amillərdən hesab edib:
 
“Hər bir şəxs dövlət atributlarından istifadə etdikdə məsuliyyət daşımalıdır. Düşünməli, yüz ölçüb, bir biçməlidir ki, bayraqdan, Xarı bülbül emblemindən harda və necə istifadə edir. Bəs onları istehsal edənlər düşünmür ki, istifadədən sonra üzərində dövlət emblemi əks olunan maska və corabların aqibəti necə olacaq?! 
 
Biz evimizdən, ofisimizdən bayrağımızı müqəddəs bilib asırıq. Hətta cırılanda, köhnələndə belə bozarmış bayrağı atmırıq. Adamın onu atmağa əli gəlmir. Bilirik ki, müstəqillik bizə çox baha başa gəlib. Bu bayrağı qoruyub saxlamaq və daim zirvədə dalğalanması üçün neçə-neçə qurban vermişik. Biz bunu kitablardan oxumamışıq, canlı şahidi olmuşuq. Azadlığın, müstəqilliyin əldə edilməsinin nə demək olduğunu bilən biri kimi buna etiraz edirəm. Bu cür məsələlər qanunvericilikdə öz əksini tapmalıdır.  

Bu cür məsələlərdə atributların istifadə olunmasının əleyhinəyəm. Nəyə lazımdır axı bunlar? Maskanı ömürlük istifadə etmirik,  2-3 saatlıq taxıb tullayırıq. Bayraq taxmaq istəyirsənsə evindən, eyvanından as. Bayrağı asmaq üçün min yer var”.


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top