“Ermənistanda qanuna edilən dəyişikliklər jurnalistləri susdurmağa xidmət edir”

MEDİA 24 noy 2021, 19:41

Jurnalistlərin Həmkarlar İttifaqının sədri, tanınmış media eksperti Müşfiq Ələsgərlinin Yenisabah.az-a müsahibəsi:

- Ermənistanda söz və mətbuat azadlığı sahəsində vəziyyəti necədir? 

- Paşinyan komandası beynəlxalq hesabatlarda “avtoritar rejimlər” siyahısına daxil edilib. Ermənistan parlamenti Mülki Məcəllə və “Diffomasiya qanunu”a yeniliklər edilməsi yönündə müzakirələri oktyabrın 5-də tamamlayıb. Bununla da “təhqir” və “böhtan” halları üzrə cərimələrin yeni maksimal həddi müəyyən edilib. Yeniliklərə əsasən, cərimələrin yuxarı həddi üç dəfə artırılıb. "Təhqir" üzrə cərimənin maksimal  həddi 5,400 avro, "böhtan" üçün təxminən 11,000 avro nəzərdə tutulub.

Ermənistan Jurnalistlər Birliyi (AJU) bu “yenilikləri” pisləyən bəyanatla çıxış edib, onu “ifadə azadlığının məhdudlaşdırılması üçün quraşdırılmış tələ” kimi şərh edib. Beynəlxalq təşkilatlar da “AJU” ilə həmrəylik göstərərək “yeniliklərə” qarşı çıxıblar. Avropa Jurnalistlər Federasiyasının (EFJ) bəyanatında qeyd edilir ki, dəyişikliklər demokratiyanın əsas sütunlarından biri olan söz azadlığı hüququnu ciddi şəkildə məhdudlaşdırır. Bəyanatda qeyd edilir ki, Avropa İnsan Haqları Məhkəməsi cərimələri təyin edərkən ölkədə sosial-iqtisadi durumun, insanların orta aylıq gəlirlərinin, maddi vəziyyətlərinin nəzərə alınmasını zəruri sayır.

- Sizcə, Nikol Paşinyan cərimələri artırmaqla nə etməyə çalışır?

- Baş nazir Nikol Paşinyan şübhələri özündən yayındırmaq üçün çaşdırıcı addımlar atıb. Belə ki, parlament “yenilikləri” birinci oxunuşda qəbul edərkən cərimələrin məbləği indikindən daha yüksək, 5 dəfə artıq olub. Baş nazirin parlamentdəki tərəfdarları martın 24-də keçirilən müzakirələr zamanı dəyişikliklərin əleyhinə səs veriblər, cərimələrin 5 qat deyil, 3 dəfə artırılmasını müvafiq sayıblar. Ermənistan Jurnalistlər Birliyi isə bunu Nikol Paşinyanın növbəti “demokratiya oyunu” kimi qəbul edir: “Cərimələrin 3, yaxud 5 dəfə artırılmasının fərqi yoxdur. Hər iki rəqəm Ermənistan əhalisi üçün əlçatmazdır, jurnalistləri susdurmağa xidmət edir. İfadə azadlığına ciddi şəkildə zərər verir”-deyə bəyanatda bildirilir. “Dəyişikliklər imkan verir ki,  dövlət məmurlarına, siyasətçilərə qarşı olan obyektiv tənqidlər də təhqir və böhtan kimi tövsif edilsin, məsələ məhkəməyə yönləndirilsin və fikir müəllifi ödənilməsi mümkün olmayan dərəcədə cərimələnsin.

- Paşinyan müstəqil və müxalifətyönümlü jurnalistlərə qarşı repressiya həyata keçirirmi? Buna dair faktlar varmı?

- Media işçilərinin sərbəst fəaliyyətini məhdudlaşdıran əlavə bir yenilik parlamentdə akkreditasiya və təhlükəsizlik şərtlərinin dəyişdirilməsi ilə bağlıdır. Dəyişiklik parlamentdə jurnalistlərin hərəkət hüququnu məhdudlaşdırıb. Bundan sonra parlamentdə akkreditə olunmuş jurnalistlər yalnız binanın xüsusi ayrılmış yerlərində, nəzarət altında işləyə bilərlər.

Ermənistanda fəaliyyət göstərən Məlumat Azadlığı Mərkəzinin rəhbəri Şuşan Doydoyan avqust ayında bəyanat yayaraq bildirib ki, ölkə parlamentində media işçiləri üçün akreditasiya şərtləri dəyişdirilərək qeyri-demokratik vəziyyətə salınıb. Yeni şərtlər müstəqil fikirli jurnalistlərin ölkə parlamentində fəaliyyətini imkansız edir. Doydoyan vurğulayıb ki, yeni qərar təhlükəsiszlik amilləri ilə əlaqələndirilsə də, əsassız xarakter daşıyır: “Əslində Ermənistan  hakimiyyəti ilə ölkə KİV-ləri arasında yaranmış indiki gərginliyin səbəbi parlamentdə 24-25 avqust tarixlərində baş vermiş insidentdir. Həmin vaxt parlamentdə olan jurnalistlər deputatların əlbəyaxa davasının görüntülərini çəkib ictimailəşdirdilər və Ermənistandakı siyasi gərginliyi dünyaya göstərmiş oldular. 24- 25 avqust sessiyalarında hökumətyönlü və müxalif millət vəkilləri arasında dava düşəndə təhlükəsizlik işçiləri jurnalistləri parlamentdən çıxarmağa, onların fəliyyətinin qarşısını almağa çalışmışdılar ki, prosesləri detallı şəkildə işıqlandıra bilməsinlər. Amma bəzi jurnalistlər fürsət taparaq, hadisələri canlı şəkildə qeydə almış, siyasi gündəmdəki gerçəkləri aça bilmişdilər. Bu anlaşmazlıqdan sonra Paşinyan hökuməti qərara gəlib ki, jurnalistlərin parlamentdə fəaliyyətini məhdudlaşdırsın, akkreditasiya şərtlərini sərtləşdirsin, yalnız sözəbaxan, senzuranı qəbul edən jurnalistləri parlamentə buraxsınlar”.

Məlumat Azadlığı Mərkəzinin hesabatına görə, Ermənistanda 2020-21-ci illərdə media insidentlərinin sayı 2018-19-cu illərə nisbətdə  (134 hadisə) artaraq 177-yə çatıb. Jurnalistlərə qarşı 6 fiziki zorakılıq halı qeydə alınıb. Mediaya qarşı məhkəmə iddialarının sayı 72-yə yüksəlib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top