“Bir neçə küçənin bütün reklam plakatlarında yalnız xanımının reklamları olsun, o media reklamından nə gözləyəsən? ”

MEDİA 23 noy 2021, 22:27


“Bir rəhbər öz həyat yoldaşının adına yaratdığı şirkətə monopolist, inhisarçı kimi davranırsa və ona imkan yaradırsa ki, bir neçə küçənin bütün reklam plakatlarında yalnız xanımının reklamları olsun, o media reklamından nə gözləyəsən? Bizim mediada belə durumlar var”.

Bu sözləri media eksperti Zeynal Məmmədli Moderator.az-a açıqlamasında medianın reklam bazarındakı şəffaflığından danışarkən bildirib:  

“Medianın həm maddi resurslarını, həm peşəkarlıq səviyyəsini, həm də etik öhdəliklərə nə dərəcədə əməl olunduğunu izləyirəm və yaxından bələdəm. Belə olduğu halda ortaya bir çox sual çıxır. Ən böyük sual isə medianın reklam bazarı ilə bağlıdır. Çünki maliyyəsi müstəqil olmayan, maliyyə qaynağı şəffaf olmayan mediadan cəmiyyətin maraqlarının gözlənməsini ummaq mümkün deyil. Bu günə kimi biz bilmirik ki, bizim ümumi media bazarında nə qədər vəsait var. Televiziya reklam bazarındakı qiymətlərini niyə gizlədir?  Bəs dövlət mediaya nə qədər vəsait ayırır? O vəsaiti kimə, hansı şərtlərlə verir... 

Digər tərəfdən isə biz ölkəmizin milyonçu və milyarderlərini tanımırıq. Misal üçün Gürcüstanda rəsmi milyarder və milyonçular var. Onların hansı mediaya, nəyə yardım ayırmaları hər kəsə bəllidir.  Digər ölkələrdə də həmçinin. Amma biz rəsmi şəkildə nə milyonçu, nə də milyarderlərimizin adını çəkə bilmirik, heç onları tanımırıq da.  Bu necə ola bilər? Əgər biz ölkədə milyonçu və milyarderin adını bilmiriksə onun medianın reklamından nə danışmaq olar? Ölkədə kimlərin rəsmi şəkildə milyonçu olduqlarını, onların büdcəyə nə qədər verdiklərini bilmiriksə, elə mediamız da o gündədir. Bu faktdır, onu təsdiqləməyə ehtiyac yoxdur. Həmin milyonçuların adları nə mediada, nə də vergi orqanlarında öz əksini tapmayıb ki, deyək onlar mediaya maliyyə ayırıb, yardım edirlər”.

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top