Hərbçilərimiz postumuza qumbara atan ermənini niyə güllələmədilər? — Polkovnikdən açıqlama

QARABAĞ 15 noy 2021, 16:00
Ötən həftənin şənbə günü Laçın-Xankəndi yolunun Daşaltı kəndi istiqamətindən keçən hissəsində erməni əsilli terrorçu, 44 günlük müharibədə iştirak edən Ermənistan vətəndaşı Norayr Mirzoyanın törətdiyi terror hadisəsi ən müxtəlif prizmalardan təhlil olunmaqdadır. Siyasətçi, politoloq və hərbi analitiklərlə yanaşı, siravi vətəndaşlar da bu cinayətə münasibət bildirməkdə davam edirlər. Hazırda cəmiyyətdə ən çox bu sual ətrafında müzakirələr gedir: Hərbçilərimiz postumuza qumbara atan ermənini niyə güllələmədilər?

Yenisabah.az-a açıqlama verən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, atəş açılmalıydı və o terrorçu məhv edilməliydi:

"Amma indi üstündən bir müddət keçəndən sonra mən görürəm ki, bu məsələ danışılmış və quraşdırılmış bir səhnə idi. Çünki onun saxlanılması və sonra da çox rahat bir şəkildə Rusiya sülhməramlıları tərəfindən Ermənistana qaytarılması onu deməyə əsas verir ki, bu Rusiya tərəfindən təşkil olunmuş bir oyun, hoqqa idi. Ona görə də, Azərbaycan, yəni orada xidmət çəkən hərbçilərimiz sadəcə bir məqamı diqqətdən qaçırdılar ki, gərək yerindəcə atəş açılaydı, amma atəş açmadılar və nəticəsini də gördük”.

Ekspert iddia edib ki, əslinə qalsa, bu adam Rusiya sülhməramlılarının tapşırığını yerinə yetirirdi:

“Necə olur ki, ruslar bir neçə postda onu yoxlayırlar və çox rahat şəkildə Azərbaycan hərbçilərinin postuna yaxınlaşır? Görünür, yenə də deyirəm ki, bu Rusiya tərəfindən təşkil olunmuş bir hoqqa idi və bunun da nəticəsi bu oldu. Mən hələ də, gözləyirəm, amma çox təəssüflər olsun ki, Azərbaycan rəsmiləri bu biabırçı olaya heç bir müraciət bildirmirlər. Çox təəccüblüdür ki, bu boyda hadisə baş verir, Baş Prokurorluq 4 maddə ilə cinayət işi qaldırıb və həmin Norayr Mirzoyan Ermənistan tərəfinə qaytarılıb, üstəlik, ondan az qala Ermənistanda qəhrəman obrazı düzəldirlər”.

Hərbi analitik əlavə edib:

“Bu hadisələrin bir tərəfi də Türkiyədə keçirilmiş “VII Türkdilli Dövlətlərin Forumu” ilə də bağlıdır. Rusiya bir zamanlar hakimiyyəti altında olan qazax, azərbaycanlı, özbək, türkmən və qırğızların orada iştirakından hiddətlənərək bunu edib. Necə olur ki, bir vaxtlar əlinin altında olan millətlər, artıq Türkiyə ətrafında birləşirlər. O siyahıda Azərbaycan da var. Ona görə də, bunun “heyfini” belə çıxırlar.

Hesab edirəm ki, Azərbaycan daha sərt addımlar atmalıdır. Düzünü desəm, mən bir qədər də qəzəbliyəm, ona görə ki, biz nə qədər yumşaq davranırıqsa, bir o qədər də öz əsgər və zabitlərimizin həyatanını təhlükəyə atırıq”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top