Tanınmış aparıcılarımız qız analarına səsləndi: "Onlara qarşı həssas olun..."

MEDİA 31 okt 2021, 16:19

İmişlidə atalığı tərəfindən zorlanan 11 yaşlı azyaşlının dünyaya uşaq gətirməsi hadisəsi cəmiyyət tərəfindən böyük narazılığa səbəb oldu. Sosisal şəbəkələrdə isə  qadınlar ögey qızına təcavüz edən atanın edam olunması tələb edir. Eyni zamanda qız uşağı olan anaların ikinci dəfə ailə qurması ilə bağlı məsələ  günün əsas müzakirə mövzusuna çevrilib. 

 Mövzu ilə bağlı media nümayəndələrimiz Moderator.az -a öz təəssüratlarını bölüşdü:

Tanınmış aparıcı Nigar Sabirqızı qız övladı olan və boşanan xanımların ikinci dəfə ailə qurmasının tərəfdarı olduğunu vurğulayıb:


“Boşanan qadın ikinci dəfə ailə qurmalıdır. Qadının qız övladı var deyə ikinci dəfə ailə qurmaması fikri absurd görünür. Sadəcə olaraq ailə quranda seçmək lazımdır ki, kiminlə ailə qurursan, bu insan sənin övladına başqa gözlə baxa bilərmi? Əslində insanın simasına baxanda onun necə biri olduğunu dərk etmək olur. Sosial şəbəkələrdə 11 yaşlı qızı zorlayan “kişi”-nin simasına baxanda bilmək olar ki, o necə bir məxluqdur. Ona insan demək mümkün deyil”. 


N.Sabirqızı sosial şəbəkələrdə həmin insana qarşı ölüm hökümünün bərpa olunması ilə bağlı səslənən fikirlərə gəldikdə isə bildirib ki, Avropa ölkələrində belə ölüm hökmü bərpa edilməyib: “Əslində bu cür davranan insanlar ölümə məhkumdurlar. Digər tərəfdən də ölüm cəzası qeyri sivil hesab edilir. Mən bu məsələdə fikir bildirməkdə çətinlik çəkirəm. “Ölüm hökmü olmalıdır”-deyə fikirə dəstək vermirəm.  Hesab edirəm ki, bu xislətli insanlar Allah tərəfindən o cür yaradılmaqla cəzalandırılıb. Ümid edirəm ki, qanunlarımız o məxluqa lazımi cəzanı verəcək”.

 

 

Tanınmış jurnalist Ləman Ələşrəfqızı isə bildirib ki, qız uşağı olan ana ikinci dəfə evlənməməlidir:


 “Kim məni qınayır qınasın. Bundan əvvəl də atalığı tərəfindən zorlanan qız uşağının məsələsində bu barədə qeyd etmişdim. O hadisədə bəzi xanımlar ünvanıma qarğışlar səsləndirmişdilər.  Yazmışdılar ki, “səni görüm  bizim günümzə düşəsən”, “elə bilirsniz ki, qadınlar kefindən ərə gedir?”. Mənə dəxli yoxdur istəyir kefindən getsin, istəyir qeyri kefindən. Mənim də 11 yaşında qızım var. Bu hadisəni eşidəndən özümə gələ bilməmişəm. Mən uşağımı ovucumda, gözümün üstündə gəzdirirəm. Qızı olan ana ya zəlzələdən, ya da vəlvələdən ərə getməməlidir. Getsin nökərçilik etsin. Həyat elədir ki, sabah sən də bu hadisə ilə üzləşə bilərsən. Qınamaq da düzgün deyil. Sabaha şərait elə gətirər ki, sənin də taleyində elə hadisə başına gələr. 


Əgər o adam edam olunsa onun birdəfəlik canı qurtarar. Amma qoy getsin cəzasını həbsxanada çəksin, onu orada ömürlük çürütsünlər. Hər gün onu zorlasınlar, təcavüz eləsinlər. 
Bu məsələdə də media nümayəndələrimizin bir qismi də qeyri-peşəkarlıq göstərdilər. Dünəndən kanallarımızı izləyirəm, izlədikcə də məyus oluram.  Nə üçün gedib o körpənin nənəsini, özünü danışdırırlar? Uşaqdan bu mövzu ilə bağlı açıqlama almaq olmaz. Bunlar televiziya qanunlarını bilmirlər? Hələ o uşaqdır dərk etmir ki, o nə deməkdir. Qonşular da çıxıb deyirlər  ki, bu ailə bu kənddə qala bilməz. Görürsünüz ki, nə cəmiyyət, nə də televiziyalarımız buna hazır deyil”. 

 

 

Teleaparıcı Pərvin Əsgərli isə bildirib ki, cəmiyyət olaraq o insana ən ağır cəzanı verməliyik:
“O məxluqa qarşı o qədər əsəbi, qəzəbliyəm ki... Necə vicdansız olasan ki, 11 yaşlı qıza o gözlə baxa biləsən. Bu  insanlıqdan kənar bir şeydir. Pedafillik, manyaklıq nə ad qoyursunuzsa qoyun, amma bu hərəkət insanlığa sığmaz.  Həmin şəxsə edam belə yüngül cəzadır. Allah onu o biri  dünyada cəzalandıracaq. Cəmiyyət olaraq həmin məxluqa ən azğır cəzanı verməliyik. Bu insanı meydanın ortasında edam etmək lazımdır ki, o xislətdə olan insanlar da bundan dərs alsın”.


P.Əsgərl ikinci dəfə ailə quran xanımları daha diqqətli olmağa səslədi: “Əgər xanımlarımızın birinci ailəsi uğursuz gətiribsə, bu o demək deyil ki, o xanımlarımız başsız, ailəsiz olmalıdır. Mən bunu qəbul edə bilmirəm. Sadəcə olaraq qız anaları hər hansı bir addım atanda bir dəfə yox 100 dəfə düşünməlidir. 
 Mənim də 10 yaşında qızım var.  Bu hadisəni eşidən gün gecə gözümə yuxu getmədi. Bilmədim o gecəni necə başa vurdum. Hər kəsin başına gələ biləcək hadisə idi. Buradan bütün analara səslənirəm, qız övladlarımızı diqqətlə böyüdək, onlara qarşı daha həssas olaq. Çətin bir cəmiyyətdə yaraşıyıq. Təəssüf ki, elə öz çevrəmizdən belə naxələflər çıxır. Bunun üçün analar diqqətli olmaq məcburiyyətindədir. Başqa çarə yoxdur”. 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top